Ramiz Mehdiyev evdə nələri edə bilməz?



Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarılandan sonra “Boz kardinal”ın cəzasını hansı formada çəkəcəyi ictimaiyyətdə suallar doğurub.

“Qafqazinfo” xəbər verir ki, 87 yaşlı Mehdiyevin ev həbsinə məhkum edildiyi günün səhəri, yəni bu gün telefona cavab verməsi isə məsələni aktuallaşdırıb.

Qanunvericiliyə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər ev şəraitində yaşasa da, onlarla bağlı sərt məhrumiyyətlər tətbiq edilir. Belə ki, ev dustağına müəyyən edilmiş vaxtlardan kənar kiminləsə səsli və ya görüntülü danışmaq, poçt yollamaq, kütləvi informasiya vasitələrində çıxış etmək kimi müəyyən qadağalar qoyulur.

Cinayət Prosessual Məcəllənin 163-cü bəndində ev dustaqlığı barədə bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Əgər ev dustağı üzərinə qoyulmuş vəzifələri pozarsa, onun barəsində həbs qətimkan tədbiri seçilir.

Məcəllədə göstərilir:

163.3. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

163.3-1. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün əlavə vəzifələr müəyyən edilə bilər:

163.3-1.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

163.3-1.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

163.3-1.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

163.3-1.4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;

163.3-1.5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.

163.3-2. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.

163.3-3. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək qüvvədə qalır. Bu halda icra yeri müvafiq tibb müəssisəsi hesab edilir.

163.6–163.9. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi, dəyişdirilməsi və ya ləğvi yalnız müvafiq məhkəmə qərarı ilə, həmçinin təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin pozulması halında həbs qətimkan tədbiri seçilməsinə imkan verir.

Qeyd edək ki, ev dustağının ünsiyyətdə ola biləcəyi şəxslərin kimliyi, yaşayış yerini nə vaxt və hansı tələblər altında tərk edə biləcəyi məhkəmə qərarında göstərilir. Ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə günə-gün hesablanır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu