Süni zəka “rəqəmsal əkiziniz” yaxın gələcəkdə ruhi sağlamlığınızı yoxlayıb müalicə edə bilər
Texnologiya dünyasında getdikcə daha çox səslənən “rəqəmsal əkiz” anlayışı — insanın virtual mühitdəki surətinin yaradılması ideyası — artıq tibbin də əsas istiqamətlərindən birinə çevrilməkdədir. Real vaxt rejimində toplanan məlumatlarla qidalanan bu rəqəmsal modellər, təmsil etdikləri sistemin davranışlarını demək olar ki, eynilə təkrarlayır.
İndiyədək rəqəmsal əkizlər — təyyarə nasazlıqlarının proqnozlaşdırılması, zavodlarda istehsal səmərəliliyinin artırılması və avtomobillərin sürücü davranışlarına uyğunlaşması kimi sahələrdə istifadə olunurdu. İndi isə bu texnologiya insan beyninə və psixoloji sağlamlığa tətbiq olunur.
Ürəkdən beyinə uzanan texnologiya
Tibbdə “rəqəmsal ürək əkizləri” sayəsində həkimlər pasiyentin ürəyini virtual mühitdə simulyasiya edərək, ürək ritmindəki pozğunluqlara və müalicə üsullarına necə reaksiya verəcəyini əvvəlcədən görə bilirlər. Oxşar modelin beyin üçün tətbiqi depressiya, təşviş (anksiyete), demensiya və yaşla bağlı idrak zəifləməsinin erkən aşkarlanmasında inqilabi dəyişiklik yarada bilər.
Hər kəsin öz “idrak əkizi” olacaq
Duke, Kolumbiya və Nebrixa universitetlərinin alimləri, həmçinin CogniFit şirkətinin tədqiqatçıları tərəfindən hazırlanan yeni sistem insanın beyin fəaliyyətini, davranışlarını, vərdişlərini və emosional reaksiyalarını bir araya gətirir. Bu məlumatlardan formalaşan idrak rəqəmsal əkizləri süni zəka vasitəsilə davamlı olaraq öyrənir və yenilənir. Gələcəkdə hər bir insanın şəxsi idrak əkizi yaddaşın, diqqət müddətinin və zehni fəaliyyətin dəyişməsini əvvəlcədən proqnozlaşdıraraq fərdi zehni məşqlər təklif edəcək.
Ağıllı cihazlarla şəxsi nəzarət
Ağıllı saatlar və digər sensor cihazlardan toplanan ürək döyüntüsü, yuxu keyfiyyəti və stress səviyyəsi rəqəmsal əkizi qidalandıracaq. Sistem insanın fiziki və zehni vəziyyətinə uyğun təkliflər irəli sürə biləcək. Süni zəka bu prosesdə müxtəlif məlumatları birləşdirərək insanın ehtiyaclarını öncədən təxmin edəcək.
Yeni dövr: Fərdiləşdirilmiş beyin məşqi
Rəqəmsal idrak əkizləri sağlamlıq mütəxəssislərinin nəzarətində elmi məlumatlarla dəstəklənən dinamik və fərdiləşdirilmiş sistem təqdim edir. Bu yanaşma hər kəsə eyni həll yolları təklif edən klassik üsullardan fərqli olaraq, profilə uyğun, preventiv (qoruyucu) tibb dövrünü başladır.
Məlumat məxfiliyi və etik sınaq
Texnologiyanın geniş yayılması ilə yanaşı, məlumatların qorunması, alqoritmlərin şəffaflığı və yaşlı insanların rəqəmsal fərqlilik səbəbilə bu prosesdən kənarda qalma riski kimi etik məsələlər gündəmdədir. Bununla belə, mütəxəssislər potensial faydaların böyük olduğunu vurğulayır. Aparılan tədqiqatlar göstərir ki, texnologiya əsaslı zehni məşqlər sağlam insanlarda və xəstəlik səbəbilə yaranan idrak zəifləməsində müsbət təsir göstərir.
Tibbdə və idrak elmlərində yeni dövrün başlanğıcı sayılan bu rəqəmsal əkiz texnologiyası bir neçə il ərzində mobil telefonlar qədər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilə bilər. Yaxın gələcəkdə ruhi və zehni sağlamlığımızı izləyən “rəqəmsal əkiz” artıq elmi fantastika deyil — gerçək bir ehtimaldır.

