Süni zəka üz əzələlərindəki gizli işarələrdən depressiyanı aşkar edə bilir

Yaponiyalı tədqiqatçılar üz əzələlərindəki mikrohərəkətləri analiz edən süni zəka vasitəsilə depressiya əlamətlərini müəyyən ediblər. Bu metodun erkən diaqnoz və müdaxilə üçün istifadə oluna, məktəblərdən iş yerlərinə qədər psixi sağlamlıq müayinələrində inqilab yarada biləcəyi qeyd olunur.
Yaponiyanın Vaseda Universitetinin tədqiqatçıları üz ifadələrindəki kiçik əzələ hərəkətlərini süni zəka ilə analiz edərək depressiya əlamətlərini aşkarlayıblar. Nəticələr Scientific Reports jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 64 universitet tələbəsinin 10 saniyəlik təqdimat videoları çəkilib. Süni zəka sistemi OpenFace 2.0 xüsusilə qaş qaldırma, dodaq gərmə və ağız açma kimi hərəkətlərdə depressiv əlamətlərlə əlaqəli nümunələr müəyyən edib.
Araşdırma qrupunun üzvü dosent Eriko Suqimori bildirib ki, texnologiya klinik simptomlar ortaya çıxmadan öncə psixi problemləri aşkarlaya, məktəblərdə, eləcə də iş yerlərində erkən skrininq vasitəsi kimi istifadə oluna bilər.
Videolara baxan digər tələbələr depressiv simptomlar bildirənləri daha az ünsiyyətcil və daha az təbii hesab ediblər. Bu qiymətləndirmə süni zəkanın analizləri ilə üst-üstə düşüb.
Böyük Britaniyada hər 6 nəfərdən biri depressiya və ya təşviş pozuntusu yaşayır. Süni zəka əsaslı səhiyyə həlləri getdikcə daha geniş yayılır, lakin məlumatların təhlükəsizliyi və insan empatiyasının çatışmazlığı ilə bağlı müzakirələr də davam edir. Britaniya hökuməti süni zəkanı səhiyyə sisteminə inteqrasiya etməyi hədəfləyir.