Hörmüz gərginliyi strateji neft ehtiyatlarını yenidən gündəmə gətirib
Hörmüz boğazı ətrafında artan hərbi gərginlik və neft axını ilə bağlı qeyri-müəyyənliklər Körfəzdən neft idxal edən ölkələrin strateji xam neft ehtiyatlarına olan marağını artırıb.
AFN.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp martın 3-də verdiyi bəyanatda Körfəzdən keçən dəniz ticarətinin, xüsusilə enerji daşımalarının təhlükəsizliyini təmin etmək məqsədilə siyasi risk sığortası və zəmanət mexanizmlərinin işə salınması barədə göstəriş verdiyini açıqlayıb.
Boğazın gözləniləndən daha uzun müddət bağlı qala biləcəyi ilə bağlı narahatlıqlar Körfəz neftindən yüksək dərəcədə asılı olan ölkələri alternativ axtarışlara yönəldib. Qeyd edək ki, Hörmüz boğazından daşınan neftin böyük hissəsi Asiya ölkələrinə, xüsusilə Çin, Hindistan və Yaponiyaya gedir. Ekspertlərin fikrincə, strateji ehtiyatların dərhal dövriyyəyə buraxılması böhranın dərinləşəcəyi təqdirdə gələcək seçimləri məhdudlaşdıra bilər.
Rays Universitetinin Beyker İnstitutunun Enerji Araşdırmaları Mərkəzinin baş direktoru Kennet Medlok mövzu ilə bağlı bildirib ki, ehtiyatlardan istifadə siyasi qərarlarla deyil, bazar siqnallarına uyğun olaraq avtomatik şəkildə həyata keçirilməlidir. Medlokun sözlərinə görə, ABŞ-ın təkbaşına atacağı addım məhdud təsirə malik olsa da, Beynəlxalq Enerji Agentliyi (IEA) ilə koordinasiyalı kollektiv müdaxilə qiymətlər üzərində ciddi fərq yarada bilər.
Uzunmüddətli tədarük şoku yaşanarsa, böyük istehlakçı ölkələr arasında koordinasiyalı ehtiyat buraxılışının və təxminən 120 günlük istehlaka bərabər ehtiyatı olan Çin ilə əməkdaşlıq axtarışlarının qaçılmaz olacağı qeyd edilir. Belə bir vəziyyətdə OPEC+ üzvlərinin hasilatı artırması və Rusiya neftinin həlledici rolu yenidən gündəmə gələ bilər.
