İran: Dondurulmuş aktivlərin 50 faizi anlaşma memorandumunun imzalanması ilə sərbəst buraxılmalıdır
İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə davam edən danışıqlara toxunaraq, “Dondurulmuş aktivlərin 50 faizi anlaşma memorandumunun imzalanması ilə eyni vaxtda sərbəst buraxılmalıdır” deyib.
AFN.az xəbər verir ki, Qəribabadi “Mehr” Xəbər Agentliyinə verdiyi açıqlamada gündəmdəki məsələləri qiymətləndirib.
ABŞ-nin İrana məxsus aktivləri qeyri-qanuni şəkildə dondurduğunu və bəzi ölkələrin də bu qərara tabe olduğunu bildirən Qəribabadi Vaşinqton ilə aparılan danışıqlar barədə bunları söyləyib:
“Dondurulmuş vəsaitlərin 50 faizi anlaşma memorandumunun imzalanması ilə birlikdə sərbəst buraxılmalıdır. Qalan hissəsi isə memorandumun imzalanmasından sonra ağlabatan bir müddət ərzində İrana köçürülməlidir. Bunlar bizə məxsus pullardır”.
Qəribabadi İrana qarşı sanksiyaların ləğv edilməsi və müharibənin törətdiyi zərərin ödənilməsi məsələsinin də onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O, bu bəndlərin anlaşma memorandumunda mütləq yer almalı olduğunu vurğulayaraq texniki detalların daha sonra müzakirə ediləcəyini qeyd edib.
Mümkün memorandum mətninə dair araşdırmaların davam etdiyini diqqətə çatdıran nazir müavini prosesdə müəyyən irəliləyişlərin olduğunu bildirib.
O, ABŞ-nin mövqeyi və regiondakı proseslərin, o cümlədən İsrailin Livandakı hərəkətlərinin paralel şəkildə izlənildiyini qeyd edib.
Qəribabadi ABŞ ilə 8 apreldə əldə olunmuş atəşkəsin Livanı da əhatə etdiyini bildirib.
O, İsrailin Livandakı hərəkətlərinin atəşkəsin pozulması kimi qiymətləndirildiyini vurğulayıb.
Hörmüz boğazı ilə bağlı danışan Qəribabadi gəmiçilik xidmətləri çərçivəsində rüsum alınmasının dəniz hüququna zidd olmadığını iddia edib.
O, Oman ilə birlikdə təqdim ediləcək xidmətlər qarşılığında ödəniş tələb oluna biləcəyini də bildirib.


