Texnologiya şirkətindən xəbərdarlıq: Süni intellektin əyləc pedalına ehtiyacı var



Anthropic şirkətinin həmtəsisçisi Cek Klark süni intellektin insan müdaxiləsi olmadan inkişaf edə biləcəyi bir mərhələyə yaxınlaşdığı barədə xəbərdarlıq edərək, bu texnologiyanın irəliləyişini yavaşlatmaq imkanına sahib olmağın vacibliyini bildirib.

AFN.az xəbər verir ki, BBC-yə müsahibə verən Klark ayağı qazdan çəkib əyləcə basmaq seçiminə sahib olmağın arzulandığını, lakin hazırda süni intellekt sənayesində qaz pedalının olmasına baxmayaraq, əyləc pedalının olmadığını ifadə edib.

O, insanların hökumət siyasətləri vasitəsilə getdikcə daha güclü hala gələcək və cəmiyyətə daha geniş təsir göstərəcək süni intellekt sistemlərinin nəzarətini əlində saxlamalı olduğunu vurğulayıb.

Klark həmçinin dünyanın bu barədə düşünməli və nəticədə bu sistemlərə etibar etməyimizi təmin edəcək yeni tənzimləmələr hazırlamalı olduğumuzu diqqətə çatdırıb.

"Anthropic" şirkətinin populyar çat-botu "Claude" hazırda kod bazasının 80 faizini sistemin özünün yazdığı bir proqramla işləyir və Klark bu göstəricinin iki il ərzində 100 faizə çatmasının mümkünlüyünü, bunun isə çox böyük təsirlərinin olacağını bildirib.

Süni intellektin tədqiqat və təkmilləşdirilməsi üçün “əyləc pedalının” necə yaradıla biləcəyinə dair konkret plan təqdim etməyən Klark mövcud vəziyyəti keçən əsrin əvvəlindəki neft bumu dövrünə bənzədib.

O, burada açıq şəkildə eyni nəticəyə varmaq üçün məntiqli siyasət və tənzimləyici çərçivənin vacibliyini qeyd edib.

Buna baxmayaraq, "Anthropic" ABŞ Prezidenti Donald Tramp-ın bu həftə şirkətlərə nisbətən sərbəstlik tanıyan süni intellekt fərmanını məmnuniyyətlə qarşılayıb.

Bu fərman süni intellekt şirkətlərinin hökumət tərəfindən təhlükəsizlik testlərindən keçməsini məcburi etmir və proses könüllülük prinsipinə əsaslanır.

"Anthropic", "OpenAI" və "Google" daxil olmaqla böyük süni intellekt şirkətləri öz araşdırmalarını dayandıracaqlarına dair bəyanat verməyiblər.

Şirkət son illərdə sürətlə böyüyərək səhmlərinin ilkin kütləvi təklifinə hazırlaşır və özəl investorlar tərəfindən yüksək dəyərləndirilir.

Klark şirkətin məqsədinin texnologiyanın real təsirlərini ictimaiyyətə çatdırmaq olduğunu, kommersiya maraqlarını önə çəkmədiklərini bildirib.

O, süni intellektin kütləvi izləmə və avtonom müharibələrdə istifadə olunması ilə bağlı risklərə də diqqət çəkib.

Klark iqtisadiyyatda ciddi pozulma ehtimalından, rutin işlərin süni intellekt tərəfindən mənimsənilməsindən və əmək bazarında dəyişikliklərdən danışıb.

Böyük texnologiya şirkətləri son illərdə süni intellektin proqramlaşdırma və mühəndislik işlərini əvəz etmə potensialını əsas gətirərək kütləvi ixtisarlar həyata keçiriblər.

Klark daha yaradıcı düşüncə qabiliyyətinə malik insanların bu texnologiya dövründə üstünlük qazana biləcəyini bildirib.

O, gənclərə yaradıcı bacarıqlarını inkişaf etdirməyi, geniş düşünməyi və humanitar sahələrə yönəlməyi tövsiyə edib.

Sonda Klark süni intellektin gətirəcəyi dəyişikliklərin həm böyük imkanlar, həm də ciddi risklər yaratdığını vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu