ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə yardımın göstərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
AFN.az xəbər verir ki, təşəbbüsün lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.
Qanun layihəsinə əsasən, Rusiyanın Ukrayna ilə silahlı münaqişə aparıb-aparmadığı, sülh sazişinin şərtlərini pozub-pozmadığı və ya dinc nizamlanma üzrə danışıqları lazımi səviyyədə aparıb-aparmadığı mütəmadi olaraq qiymətləndiriləcək.
Cəza tədbiri kimi Rusiya rəsmilərinə, maliyyə təşkilatlarına, neft-qaz, kömür və mədən sənayesinə qarşı əlavə sanksiyaların tətbiqi, həmçinin Rusiya malları və xidmətləri üçün gömrük rüsumlarının ən azı 500%-ə qədər artırılması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə 2026 və 2027-ci maliyyə illərində Ukraynaya hərbi yardım qismində 300 milyon dollar vəsaitin ayrılması qeyd olunub.
Qanun layihəsininin müəllifi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin baş demokratı Qreqori Miksdir.


