Laricaninin mesajı paylaşıldı: Ölüm iddiaları fonunda sirli əlyazma
İsrailin müdafiə naziri İsrael Katzın "zərərsizləşdirildi" dediyi İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin adından rəsmi mesaj yayımlanıb.
AFN.az xəbər verir ki, bu mesajın Laricaninin özü tərəfindən yazılan əlyazma olduğu və ABŞ-ın 4 martda Hind okeanında batırdığı "IRIS Dena" freqatının şəhid dənizçiləri üçün qələmə alındığı bildirilir.
Sosial mediada paylaşılan əlyazma notda Laricani bu ifadələri işlədib:
"Uca Allahın adı ilə. 'Denada şəhid olan dənizçilərimiz beynəlxalq zalımlara qarşı mübarizə aparan bu dövrün fədakar övladlarıdır. Onların xatirəsi İran millətinin qəlbində daim yaşayacaq".
Bu mesajın yayımlanması İsrailin ölüm iddiasına cavab kimi görünsə də, beynəlxalq analitiklər bunun qəti sübut olmadığını vurğulayırlar. İsrailin Müdafiə naziri Katz Laricaninin və Bəsic komandiri Qulamrza Süleymaninin gecə saatlarında Tehrana edilən hava hücumunda öldürüldüyünü israrla bildirir.
İran tərəfi mesajın dənizçilərin dəfni ərəfəsində yazıldığını bildirib. Lakin bu, mesajın hücumdan əvvəl yazılıb indi paylaşıla biləcəyi ehtimalını da gündəmə gətirir. Qeyd edək ki, Tehran hələ ki, rəsmi olaraq Laricaninin sağ olduğunu təsdiqləyən yeni bir video və ya canlı görüntü paylaşmayıb.
