Ümumdünya Ticarət Təşkilatı: Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır



Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala Yaxın Şərqdəki münaqişələrin qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildirərək, beynəlxalq tədarük zəncirlərinin açıq saxlanılmasına çağırış edib.

AFN.az xəbər verir ki, Cenevrədə jurnalistlərə açıqlama verən Okonjo-İveala bölgədəki gərginliyin daşınma fasilələrinə və enerji xərclərinin artmasına yol açacağını deyib. O, bu vəziyyətin gübrə tədarükünü azaldacağını və qiymətləri yüksəldəcəyini qeyd edərək, münaqişələrin bu amillərlə ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərəcəyini ifadə edib.

Hörmüz boğazının kritik əhəmiyyəti

Dünyadakı azotlu gübrə tədarükünün təxminən üçdə biri Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Okonjo-İveala tədarükdə yaşanacaq uzunmüddətli fasilənin ərzaq sistemləri üzərində zəncirvari təsir yaradacağına diqqət çəkib. Belə bir ssenaridə fermerlərin gübrə istifadəsini azaldacağını və daha az resurs tələb edən məhsullara yönələcəyini bildirib.

Qlobal ərzaq ticarəti kanallarının açıq və proqnozlaşdırıla bilən saxlanılmasının həyati əhəmiyyət daşıdığını vurğulayan ÜTT rəhbəri, ərzaq tədarükünün ən çox ehtiyac duyulan bölgələrə çatmasının məhz bu sayədə mümkün olacağını sözlərinə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu