BEA: Qlobal iqtisadiyyat böyük təhlükədədir
Beynəlxalq Enerji Agentliyinin (BEA) direktoru Fatih Birol qlobal iqtisadiyyatın böyük bir təhlükə ilə üz-üzə olduğunu bəyan edib.
AFN.az xəbər verir ki, Kanberradakı Milli Mətbuat Klubunda çıxış edən Birol mövcud enerji böhranını 1970-ci illərdə baş verən neft şokları və Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinin fəsadları ilə müqayisə edib.
Birol hazırkı vəziyyəti iki neft böhranı və bir təbii qaz böhranının birləşməsi kimi xarakterizə edib. Hörmüz boğazındakı gərginliyin təsirlərinə toxunan direktor qlobal iqtisadiyyatın bu gün çox ciddi təhdid altında olduğunu, problemin ən qısa zamanda həll olunacağına ümid etdiyini bildirib. O qeyd edib ki, böhran bu şəkildə davam edərsə, heç bir ölkə onun təsirlərindən sığortalanmayacaq, bu səbəbdən qlobal səylərə ehtiyac var.
Regiondakı ən azı 40 enerji obyektinin münaqişələr zamanı ciddi və ya çox ciddi zərər gördüyünü vurğulayan Birol BEA-nın Asiya və Avropa hökumətləri ilə strateji neft ehtiyatlarının istifadəyə verilməsi ilə bağlı məsləhətləşmələri davam etdirdiyini diqqətə çatdırıb.
Agentliyə üzv ölkələr bu ayın əvvəlində qlobal xam neft qiymətlərindəki artımla mübarizə aparmaq məqsədilə strateji ehtiyatlardan rekord həddə — 400 milyon barel neftin bazara çıxarılması barədə qərar qəbul ediblər. Zərurət yaranacağı təqdirdə yeni addımların atılacağını vurğulayan Birol bazar şərtlərini və tədarük təhlükəsizliyini yaxından izləməyə davam edəcəklərini sözlərinə əlavə edib.

