Hörmüz boğazındakı minaların təmizlənməsi 6 ay çəkə bilər
ABŞ mətbuatında Hörmüz boğazındakı dəniz minalarının tamamilə təmizlənməsinin 6 ay davam edə biləcəyi, ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə bitmədən bu prosesin reallaşma ehtimalının aşağı olduğu iddia edilib.
AFN.az xəbər verir ki, "Washington Post" (WP) qəzetinin adı açıqlanmayan üç rəsmiyə istinadən yaydığı məlumata görə, Pentaqonun yüksək rütbəli nümayəndəsi ABŞ Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin üzvlərinə keçirdiyi qapalı brifinqdə minalardan təmizləmə prosesi ilə bağlı təxmini vaxt qrafikini təqdim edib.
Mənbələr qeyd edir ki, minaların təmizlənməsi fəaliyyətinin 6 ay çəkə biləcəyi və müharibə başa çatmadan bu işlərə başlanılmasının çətinliyi həm demokrat, həm də respublikaçı konqresmenlər tərəfindən narazılıqla qarşılanıb. Konqres üzvlərinə verilən məlumatda İranın Hörmüz boğazı ətrafında 20 və ya daha çox mina yerləşdirmiş ola biləcəyi bildirilib.
Bəzi minaların GPS texnologiyası ilə uzaqdan idarə edildiyi, bu səbəbdən də yerləşdirmə zamanı ABŞ qüvvələrinin onları aşkar etməkdə çətinlik çəkdiyi vurğulanıb. Pentaqon isə hələlik "Washington Post" qəzetinin minalardan təmizləmə fəaliyyətinin müddəti ilə bağlı suallarını cavablandırmayıb.

