FED-də Pauell dövrü başa çatır



ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauell 15 mayda vəzifə müddətinin başa çatması ərəfəsində 8 illik sədrlik dövrünün sonuncu FOMC iclasına rəhbərlik etməyə hazırlaşır.

AFN.az xəbər verir ki, 2018-ci ildə rəhbərliyə gələn və vəzifədə olduğu müddətdə müasir iqtisadiyyat tarixinin ən böyük şokları ilə üzləşən Pauellin bu həftə keçiriləcək pul-kredit siyasəti iclasında rəsmi olaraq sədr statusu ilə son mesajlarını verəcəyi gözlənilir. Bununla belə, onun xələfi Kevin Uorşun təsdiqlənmə prosesindəki mübahisələr FED-də səlahiyyətlərin ötürülməsinin vaxtında baş tutub-tutmayacağını qeyri-müəyyən edir.

Pauellin fəaliyyət dövrü həm Respublikaçı, həm də Demokrat prezidentlərin zamanına təsadüf edib. İlk dəfə Donald Tramp tərəfindən təyin edilən, daha sonra isə Co Bayden tərəfindən ikinci müddətə namizədliyi irəli sürülən Pauell, 40 ildən sonra iqtisadiyyat dərəcəsi olmayan ilk FED sədri kimi tarixə düşüb. Onun sədrlik illəri COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər fonunda formalaşıb. Xüsusilə pandemiya dövründə faizlərin sıfıra yaxınlaşdırılması və bazara trilyonlarla dollar likvidlik verilməsi kimi radikal addımlarla yadda qalan Pauell, sonrakı dövrdə inflyasiya ilə mübarizə üçün son 40 ilin ən sərt faiz artımı döngəsini həyata keçirib.

Rəqəmlərə nəzər saldıqda Pauell 2018-ci ildə vəzifəyə başlayanda ABŞ-da illik inflyasiya 2,3%, işsizlik 4,1%, faiz dərəcəsi isə 1,25-1,50% səviyyəsində idi. 2026-cı ilin mart ayı etibarilə isə inflyasiya 3,3%, işsizlik 4,3%, faiz dərəcələri isə 3,5-3,75% aralığında qərarlaşıb. Pandemiya zamanı 9 trilyon dollara çatan FED-in balansı isə hazırda 6,7 trilyon dollar civarındadır.

Vəzifəni təhvil vermə prosesi isə hələ də siyasi maneələrlə üz-üzədir. Tramp administrasiyası tərəfindən Pauellə qarşı başladılan və FED binalarının təmiri ilə bağlı olan araşdırma Kevin Uorşun Senat tərəfindən təsdiqlənməsini ləngidirdi. Hərçənd ABŞ Ədliyyə Nazirliyi bu araşdırmanın bağlanması barədə göstəriş versə də, Senatdakı siyasi çəkişmələr hələ də davam edir. Bu səbəbdən 15 maydan sonra Pauellin bir müddət müvəqqəti sədr kimi fəaliyyət göstərməsi ehtimalı olduqca yüksəkdir. Aprelin 28-29-da keçiriləcək FOMC toplantısı təqvimlə onun sonuncu iclası olsa da, tam gedişi Senatdakı proseslərdən asılı olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu