FED sədri: Yaxın Şərq inflyasiya üçün riskdir



ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell Yaxın Şərqdə baş verən hadisələrin ABŞ iqtisadiyyatına təsirlərinin qeyri-müəyyən olduğunu bildirərək, artan enerji qiymətlərinin qısa müddətdə inflyasiyanı yüksəldəcəyini, lakin iqtisadiyyat üzərindəki mümkün təsirlərin miqyasını və müddətini bilmək üçün hələ tez olduğunu ifadə edib.

AFN.az xəbər verir ki, Pauell FED-in uçot dərəcəsini gözləntilərə uyğun olaraq 3,5–3,75 faiz aralığında sabit saxlamasından sonra mətbuat konfransı keçirib. Mövcud pul-kredit siyasətinin maksimum məşğulluq və 2 faiz inflyasiya hədəflərinə doğru irəliləyişi dəstəkləmək baxımından uyğun olduğunu qiymətləndirdiklərini qeyd edən Pauell, hər iki hədəfə qarşı risklərə diqqətlə yanaşmağa davam edəcəklərini vurğulayıb. O, mövcud göstəricilərin iqtisadi fəallığın sağlam templə genişləndiyini nümayiş etdirdiyini, istehlak xərclərinin dayanıqlı olduğunu, şirkətlərin sabit investisiyalarının artdığını, lakin mənzil sektorunda aktivliyin zəif qaldığını bildirib.

İşçi qüvvəsi bazarında işsizlik səviyyəsinin keçən yayın sonundan bəri ciddi dəyişmədiyini deyən Pauell, məşğulluq artımının aşağı templə davam etdiyini qeyd edib. Keçən il məşğulluq artım sürətinin yavaşlamasında azalan miqrasiya və işçi qüvvəsində iştirakın təsirli olduğunu, lakin işçi qüvvəsinə tələbin də nəzərəçarpacaq dərəcədə zəiflədiyini ifadə edib. İnflyasiyanın hələ də 2 faiz hədəfi ilə müqayisədə bir qədər yüksək olduğunu diqqətə çatdıran FED sədri, son həftələrdə inflyasiya gözləntilərinə dair qısamüddətli göstəricilərin yüksəldiyini, bunun isə böyük ehtimalla Yaxın Şərqdəki tədarük kəsintiləri səbəbindən neft qiymətlərindəki artımı əks etdirdiyini deyib.

Pauell keçən ilin sentyabr-dekabr ayları ərzində uçot dərəcəsini ümumilikdə 75 bənd aşağı salaraq neytral səviyyəyə yaxınlaşdırdıqlarını xatırladıb. O, bu normallaşmanın inflyasiyanın yenidən azalma meylinə girməsinə imkan yaradacağını, lakin enerji qiymətlərinin qısa müddətdə ümumi inflyasiyanı yuxarı çəkəcəyini bildirib. Gələcək proqnozların inflyasiyada gözlənilən qədər güclü irəliləyiş olmayacağına işarə etdiyini deyən Pauell, faiz endirimi qərarlarının tamamilə iqtisadiyyatın performansından asılı olacağını vurğulayıb.

Hazırkı vəziyyətin staqflyasiya olmadığını müdafiə edən Pauell, işsizlik səviyyəsinin normal həddə olduğunu, inflyasiyanın isə hədəfdən cəmi bir faiz yuxarıda qaldığını qeyd edib. Səlahiyyət müddəti ilə bağlı sualları da cavablandıran Pauell, yeni sədr təsdiqlənənə qədər müvəqqəti rəhbər kimi vəzifədə qalacağını və ABŞ Ədliyyə Nazirliyinin araşdırması başa çatana qədər ayrılmaq niyyətində olmadığını bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu