"SpaceX"in səhm satışı 4400 işçisini milyonçu edəcək
"SpaceX"in 12 iyunda baş tutacaq səhm satışı ilə birlikdə 4 mindən çox işçinin milyonçular klubuna qatılması gözlənilir.
AFN.az xəbər verir ki, şirkətin müəssisələrinin yerləşdiyi bölgədəki daşınmaz əmlak bazarının da canlanacağı proqnozlaşdırılır.
"New York Times"ın (NYT) San-Fransisko mərkəzli "Hill.com" investisiya platformasının məlumatlarına istinadən yaydığı xəbərə görə, "SpaceX"in birjaya çıxarılmasından sonra 4400-dən çox hazırkı və keçmiş işçisi milyonçu statusuna sahib olub. Bu işçilərin təxminən 400-nün isə 100 milyon dollardan çox varlığa sahib olduğu bildirilib.
Təxminən 22 min işçisi olan "SpaceX"in bu həftə hər səhm üçün 135 dollardan satış etməsi planlaşdırılır. Bu qiymətləndirmə üzərindən şirkətin bazar dəyəri 1,77 trilyon dollara çatır.
Bu dəyər ABŞ-nin elektrik və texnologiya istehsalçısı "General Electric" (GE) şirkətinin bazar dəyərindən təxminən beş dəfə çoxdur.
Şirkət birinci rübdə böyük həcmdə zərər açıqlamış olsa da, "Moody's", "Fitch" və "S&P" kimi qlobal kredit reytinqi agentliklərindən investisiya edilə bilər reytinqi almağı bacarıb.
Ümumiyyətlə, səhm satışı proseslərində sərvət təsisçilər və ya ilk investorların əlində toplaşdığı halda, minlərlə işçinin eyni anda böyük varlıq sahibinə çevrilməsi qeyri-adi bir hal kimi qiymətləndirilir.
"Hill.com" təsisçisi Endryu Benson 100 milyon dollardan çox varlığı olan 400 nəfərin tapılmasının nadir görünən bir vəziyyət olduğunu bildirərək "SpaceX"də nəhəng bir zənginliyin yaradıldığına diqqət çəkib.
Səhm satışının ən böyük bəhrələnəni şirkətin baş icraçı direktoru (CEO) İlon Mask olub. "SpaceX"də təxminən 42 faiz səhmə sahib olan Maskın bu sıralama ilə dünyada 1 trilyon dollar sərvətə çatan ilk şəxs olma ehtimalı yüksək qiymətləndirilir.
Şirkətə erkən dövrlərdə qatılan və onun böyüməsinə töhfə verən işçilər də mühüm bir sərvətin sahibinə çevriliblər. Universitet məzunluğundan əvvəl, 2011-ci ildə "SpaceX"də işləməyə başlayan Trevor Hays 100 mindən çox səhm əldə edib. NYT Haysın sahib olduğu səhmlərin dəyərinin ən azı 13,5 milyon dollara çatacağını yazıb.
Şirkətdən ayrılan keçmiş işçilərdən olan raket buraxılışı mühəndisi Qavin Pretti də 2012-ci ildə işə başlayanda 80 min dollarlıq illik maaşına əlavə olaraq, nağd mükafat əvəzinə minlərlə səhm alıb.
Pretti həmin dövrdə "SpaceX" raketlərinin hələ tam olaraq özünü doğrultmadığını və buraxılış uğursuzluqlarının yaşandığını bildirərək bunun kifayət qədər riskli bir seçim kimi görüldüyünü ifadə edib.
Lakin bütün işçilər bu prosesdən faydalana bilməyiblər. İlon Maskın xalqa açıq şirkətlərə yönəlik mənfi fikirləri və hər rübdə səhmdarlara idarəetmə hesabatı açıqlamaq məcburiyyətini tənqid etməsi səbəbindən bəzi işçilərin şirkətin heç vaxt birjaya çıxmayacağına inanaraq əllərindəki səhmləri "Chili's" kimi restoranların hədiyyə kartları ilə dəyişdiyi bildirilir.
Yeni milyonçuların ortaya çıxacağı gözləntisi "SpaceX"in "Starbase" buraxılış sahəsinin yaxınlığında yerləşən Texasın Braunsvill şəhərindəki daşınmaz əmlak bazarını da canlandırıb.
Daşınmaz əmlak məlumatları şirkəti "Realtor.com"un baş iqtisadçısı Hanna Cons "SpaceX"in işçilərinə nağd pul əvəzinə daha çox səhmlərlə ödəniş etdiyini, bu səbəbdən varlıqların böyük bir hissəsinin nağda çevrilmədiyini bildirərək listinqdən sonra daşınmaz əmlak bazarına böyük bir maliyyə axınının olacağını qeyd edib.
Yerli əmlakçı Bob Torres isə Maskın 2021-ci ildə istedadlı işçiləri bölgəyə cəlb etmək məqsədilə sosial media vasitəsilə Braunsvillə köçmək çağırışı etməsindən sonra ABŞ-nin dörd bir yanından telefon zəngləri almağa başladıqlarını bildirib.
Torres "SpaceX" işçilərinin ev sahibi olmaq üçün bir-birləri ilə yarışdığı və elan edilən evləri sürətlə satın aldığı halların yaşandığını ifadə edib.
