Süni intellekt yarışı: Gənclərə qapalı məşğulluq partlayışı
Süni intellekt sahəsində yaşanan işçi qüvvəsi yüksəlişi zənn edilənin əksinə sektora yeni addım atmaq istəyən gənc istedadları kənarda qoyur və şirkətlər yalnız təcrübəli mütəxəssislərə üstünlük verirlər.
AFN.az xəbər verir ki, ABŞ-nin böyük şirkətləri süni intellekt vakansiyalarını doldurmaq üçün ciddi səy göstərsələr də, karyerasının başlanğıcında olan namizədlər bu yarışda geridə qalırlar. Yeni aparılan araşdırmalar iqtisadiyyatın ən dinamik sektoruna çevrilən bu sahədəki imkanların böyük ölçüdə dərin təcrübəyə malik peşəkarlara ayrıldığını göstərir.
"S&P 500" şirkətlərinin "LinkedIn" vasitəsilə yayımladığı süni intellektlə bağlı elanlar araşdırılarkən, məlumat analitiki və ya maşın öyrənməsi mühəndisi kimi mövqelərin 70 faizdən çoxunun yüksək təcrübəli mütəxəssisləri hədəflədiyi məlum olub.
Başlanğıc səviyyəsindəki elanların payı isə 13 faiz kimi olduqca aşağı bir səviyyədə qalır. Bu vəziyyət süni intellekt sahəsində karyera qurmaq istəyən gənclərin iş tapmasını ciddi şəkildə çətinləşdirir.
Sektorda yaşanan bu daralma süni intellektin insan əməyini əvəz edəcəyi ilə bağlı narahatlıqları doğruldur. Lakin buradakı əsas problem süni intellektin insanları tamamilə əvəzləməsindən daha çox, işçi qüvvəsi bazarını məhdudlaşdırması kimi önə çıxır.
Şirkətlər sürətlə dəyişən bu texnoloji transformasiya prosesində onlara bələdçilik edəcək təcrübəli şəxsləri komandalarına qatmaq istəyirlər.
Sektora yeni başlayanların təcrübə qazanmasını təmin edən ilk layihələrin hazırlanması və ya rutin məlumatların işlənməsi kimi başlanğıc səviyyəsindəki tapşırıqlar artıq süni intellektə həvalə olunur. Geridə qalan iş isə yalnız süni intellektin istehsal etdiyi nəticələrin təcrübəli mütəxəssislər tərəfindən yoxlanılması olur.
Bu vəziyyət gənclərin təcrübə qazanaraq yüksələ biləcəyi ənənəvi karyera pillələrini sıradan çıxarır.
Ekspertlər şirkətlərin yalnız bu günü düşünərək təcrübəli kadrlara köklənməsinin uzunmüddətli perspektivdə riskli bir yanaşma olduğunu bildirirlər.
Gənc istedadlar böyük korporativ firmalarda özlərinə yer tapa bilmədikdə, bazar payı qazanmağa çalışan və daha dinamik olan süni intellekt startaplarına üz tuturlar.
Bu hal nəhəng şirkətlərin gələcək istedad bazasını təhlükəyə atır.
İş dünyasının nümayəndələri vurğulayırlar ki, rəhbərlər karyera nərdivanının ilk pilləsini tamamilə yox etmək əvəzinə, gənc işçiləri süni intellekt tərəfindən dəstəklənən daha mürəkkəb və yüksək dəyər yaradan işlərə yönəldəcək yeni strategiyalar hazırlamalıdırlar.

