Filippində baş verən zəlzələdə ölənlərin sayı 68-ə yüksəlib
Filippinin cənubundakı Mindanao bölgəsində 8 iyunda baş verən 7,8 bal gücündəki zəlzələdə həyatını itirənlərin sayı 68-ə, yaralıların sayı isə 1339-a çatıb.
AFN.az xəbər verir ki, Filippinin "GMA News" yayım şəbəkəsinin məlumatına görə, rəsmilər ötən həftə Mindanaoda qeydə alınan zəlzələnin səbəb olduğu itkilərlə bağlı son məlumatları paylaşıblar.
Zəlzələ nəticəsində 68 nəfərin həlak olduğunu, 1339 nəfərin yaralandığını bildirən rəsmilər 33 nəfərdən isə hələ də xəbər alınmadığını vurğulayıblar.
Qeyd olunub ki, təbii fəlakətdən 1,3 milyon insan zərər çəkib, bölgədə 12 mindən çox ev tamamilə dağılıb, 55 mindən çox təsərrüfat isə ziyan görüb.
ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) 8 iyunda Mindanaoda 7,8 bal gücündə yeraltı təkan qeydə almış və zəlzələnin yerin 55,2 kilometr dərinliyində baş verdiyini açıqlamışdı.
"Sakit Okean Atəş Halqası" olaraq adlandırılan zəlzələ və vulkan qurşağında yerləşən Filippində böyükmiqyaslı zəlzələlər tez-tez baş verir.



