"Brent" markalı neftin bir barreli 77,31 dollardan satılır
Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı neftin bir barrelinin qiyməti 77,31 dollar səviyyəsində qərarlaşıb.
AFN.az xəbər verir ki, ötən gün 82,97 dollara qədər yüksələn "Brent" neftinin fyuçers qiyməti günü 79,55 dollarla başa vurmuşdu.
Cari günün səhər saatlarına olan məlumata görə isə qiymət əvvəlki bağlanışla müqayisədə təxminən 2,8 faiz azalaraq 77,31 dollar olub.
Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin bir barreli 74,28 dollardan alıcı tapıb.
Qiymətlərin ucuzlaşmasında ABŞ və İran arasında müharibəyə son qoyan və Hürmüz boğazından keçidləri yenidən bərpa edən müvəqqəti sazişin imzalanması ilə neft tədarükünün kəsilməsinə dair narahatlıqların səngiməsi effektiv olub.
Pakistan Baş naziri Şahbaz Şərif sosial media platforması vasitəsilə etdiyi açıqlamada ABŞ və İranın "İslamabad Anlaşması"nı elektron qaydada imzaladıqlarını elan edib.
Müqavilənin hər iki ölkə rəhbəri tərəfindən təsdiqləndiyini bildirən Şərif, bu addımın tərəflərin münaqişəni diplomatik yolla həll etmək sadiqliyini göstərdiyini, ilk mərhələdə İranın Hörmüz boğazını açacağını, ABŞ-nin isə dəniz blokadasını dərhal ləğv edəcəyini diqqətə çatdırıb.
Pakistanın vasitəçiliyi ilə aparılan proses çərçivəsində tərəflərin yekun saziş üçün nüvə proqramı və sanksiyaların ləğvi kimi mövzularda danışıqları davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, neft qiymətləri bir qədər əvvəl ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi təhdid ehtiva edən bəyanatları ilə yüksəlmişdi, lakin həftələrlə davam edən ABŞ/İsrail-İran müharibəsinin ardınca gələn bu saziş regional neftin yenidən bazarlara qayıtması ehtimalını gücləndirərək qlobal tədarük gözləntilərini dəstəkləyib.
Beynəlxalq Enerji Agentliyi (IEA) son hesabatında Körfəz bölgəsində istehsalın bərpası ilə gələn il qlobal neft tədarükünün sutkada 110 milyon 350 min barrelə çatacağını, 2027-ci ildə isə qlobal neft tələbatının sutkada 105 milyon 300 min barrel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da qlobal bazarlarda təklif bolluğuna işarə edir.
Digər tərəfdən, ABŞ-nin kommersiya xam neft ehtiyatlarının və strateji ehtiyatlarının azalması qiymətlərə qismən dəstək nümayiş etdirir.
Hazırda "Brent" nefti üçün 82,43 dollar müqavimət, 71,99 dollar isə dəstək səviyyəsi olaraq izlənilir.
