Yumurta qabığından implantlar üçün biomaterial istehsal edilib


Türkiyənin Qaziantep Universitetinin Mühəndislik Fakültəsinin tələbələri yumurta qabığından əldə etdikləri və sümük ilə dişlərin əsas mineral komponenti olan hidroksiapatit vasitəsilə implantasiya proseslərində tətbiq edilə biləcək biomaterial hazırlayıblar.

AFN.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Metallurgiya və Material Mühəndisliyi fakültəsinin 3-cü kurs tələbələri Buket Alp və Sena Tək yumurta qabığını təkrar emal edərək hazırladıqları "Hidroksiapatit İstehsalı və Təkmilləşdirilməsi" layihəsi ilə TÜBİTAK 2209-B Sənayeyə Yönəlmiş Bakalavr Araşdırma Layihələri Dəstəkləmə Proqramı çərçivəsində maliyyə yardımı almaq hüququ qazanıblar.

Araşdırma çərçivəsində yumurta qabıqlarını müxtəlif proseslərdən keçirən tələbələr sümük və dişlərin əsas mineral elementlərindən biri olan hidroksiapatiti laboratoriya şəraitində sintez ediblər. Hazırladıqları biomaterialın implantasiya sahəsində istifadə olunması üçün işlərini davam etdirən tələbələr eyni zamanda bu materialın fərqli sahələrdəki istifadə potensialını da araşdırırlar.

Tələbə Buket Alp sümük və diş toxumasında təbii şəkildə mövcud olan hidroksiapatitlə eyni quruluşa malik biomaterialı yumurta qabığından əldə etməyi bacardıqlarını qeyd edib.

İstehsal etdikləri materialın sensor və optik texnologiyalarda da dəyərləndirilə biləcəyini vurğulayan Alp təkrar emal edə biləcəkləri bir məhsul axtarışında olduqlarını və hamı üçün ən əlçatan material kimi yumurta qabığını seçdiklərini bildirib.

Yumurta qabığını kalsium mənbəyi olaraq istifadə etdiklərini deyən gənc tədqiqatçı hidroksiapatitin kalsium tərkibli bir mineral olduğunu, layihədə tətbiq etdikləri sol-gel metodu ilə yumurta qabığındakı kalsiumu hidroksiapatit strukturuna çevirə bildiklərini diqqətə çatdırıb.

O, bu materialın biouyğun quruluşu sayəsində implantasiya sahəsində tətbiqinin mümkünlüyünü və işlərin ilkin mərhələsində balıq sümüyü, dəniz qabığı kimi fərqli qaynaqları sınasalar da, ən uğurlu nəticəni məhz yumurta qabığından aldıqlarını əlavə edib.

Digər tələbə Sena Tək isə təxminən 6-7 aydır bu layihə üzərində çalışdıqlarını və TÜBİTAK dəstəyi ilə tədqiqatlarını daha irəli mərhələyə daşımağı hədəflədiklərini söyləyib.

Laboratoriya şəraitində fərqli element qatqıları ilə materialın xüsusiyyətlərini inkişaf etdirməyi planlaşdırdıqlarını bildirən Tək təmiz hidroksiapatit istehsal etməyi artıq başardıqlarını vurğulayıb.

O, növbəti mərhələdə müxtəlif elementlərlə qatqılama işləri apararaq materialın mexaniki və optik göstəricilərini yüksəltməyi, yumurta qabıqlarının pərdələrini təmizlədikdən sonra müəyyən proseslərdən keçirərək əldə etdikləri bu materialın effektivliyini artırmağı hədəflədiklərini ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu