Fransanın şimal-şərqindəki muzeydən milyonlarla avro dəyərində zinət əşyaları oğurlanıb



Fransanın şimal-şərqindəki Aşağı Reyn vilayətində yerləşən muzeydən milyonlarla avro dəyərində zinət əşyaları oğurlanıb.

AFN.az xəbər verir ki, yerli mətbuatda yer alan məlumatlara görə, soyğunçuluq hadisəsi dünən yerli vaxtla saat 05:00-06:00 radələrində Aşağı Reyn vilayətinin Vingen-sür-Moder şəhərindəki Lalik Muzeyində törədilib.

Oğrular fransız şüşə və zərgərlik ustası Rene Lalikə məxsus təxminən 650 əsərin nümayiş olunduğu muzeyin giriş qapısını və 6 vitrinini sındırıblar.

Soyğun zamanı milyonlarla avro dəyərində zinət əşyaları qarət edilib.

Vingen-sür-Moder şəhərinin meri Kristian Dorşner oğurlanan zinət əşyalarının sənətkar Lalikə məxsus bənzərsiz parçalar olduğunu bildirib.

Hadisə ilə bağlı təhqiqat başladıldığını deyən Dorşner oğruların muzeyə daxil olduğu vaxt siqnalizasiya və təhlükəsizlik sisteminin aktiv vəziyyətdə olduğunu diqqətə çatdırıb.

Soyğunun bir neçə maskalı şəxs tərəfindən törədildiyi iddia edilib.

Fransa son vaxtlar artan muzey soyğunları ilə gündəmə gəlmişdi.

Parisin 3-cü bölgəsində yerləşən Konyak-Xay Muzeyində 20 noyabr 2024-cü il tarixində Maarifçilik dövrünə aid eksponatların nümayiş etdirildiyi sərgi oğruların hədəfinə çevrilmişdi. Soyğunda Britaniya Kral KolleksiyalarıRozalind-Artur Gilbert Kolleksiyasındakı qızıl və qiymətli daşlarla bəzədilmiş əsərlər oğurlanmışdı.

Parisdəki Təbiət Tarixi Muzeyindən 16 sentyabr 2025-ci ildə tarixi əhəmiyyət kəsb edən təxminən 6 kiloqram külçə qızıl qarət olunmuşdu. Oğurlanan əsərlər arasında XVIII əsrdə Boliviyanın bağışladığı külçələr, 1833-cü ildə Rusiya çarı I Nikolayın hədiyyə etdiyi nümunələr, XIX əsrin ikinci yarısında Kaliforniyada kəşf edilən külçələr və 1990-cı ildə Avstraliyada tapılan 5 kiloqramdan çox ağırlığında külçə yer alırdı.

Fransanın paytaxtı Parisdə hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin nümayiş olunduğu dünyaca məşhur Luvr Muzeyində 19 oktyabr 2025-ci il tarixində böyük bir soyğun baş vermişdi. Kraliyyət cəvahiratlarının sərgiləndiyi Apollon Qalereyasının hədəf alındığı və 4 oğrunun tarixi dəyərə malik 8 zinət əşyası ilə qaçdığı soyğun cəmi 7 dəqiqə çəkmişdi.

Ölkənin şimal-şərqində yerləşən Ot-Marn vilayətinin Lanqr şəhərindəki Deni Didro Maarifçilik Evi Muzeyində20 oktyabr 2025-ci ildə soyğun törədilmişdi. Hadisə zamanı dəyərinin 90 min avro olduğu təxmin edilən XVIII və XIX əsrlərə aid qızıl və gümüş sikkələr oğurlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu