Böyük albom təqdimatlarında ölümlə nəticələnən yol qəzaları artır
ABŞ-də aparılan yeni araşdırma dünya şöhrətli musiqiçilərin albomlarını təqdim etdiyi günlərdə ölümlə nəticələnən yol qəzalarında nəzərəçarpacaq artım olduğunu ortaya qoyub.
AFN.az xəbər verir ki, Harvard Tibb Məktəbi və Mass General Brigham tədqiqatçılarından Dr. Vishal Patelin rəhbərliyi ilə aparılan və JAMA Network Open jurnalında dərc olunan araşdırmaya görə, populyar albomların rəqəmsal platformalarda yayımlandığı günlərdə yol qəzalarında ölüm halları adi günlərlə müqayisədə 15 faiz artır.
Araşdırmada 2017-2022-ci illər arasında bir gündə ən çox dinlənilən 10 albomun buraxılış tarixləri ilə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatları təhlil edilib.
Taylor Swift, Drake, Bad Bunny, Harry Styles, Kendrick Lamar və Kanye West kimi məşhurların albomlarının yayımlandığı günlərdə albomdan əvvəlki və sonrakı 10 günlük dövrlə müqayisədə ölümlə nəticələnən qəzaların gündəlik orta sayının 121-dən 139-a yüksəldiyi müəyyənləşdirilib.
Araşdırmaya rəhbərlik edən Dr. Patel yeni albom axtararkən avtomobil idarə etdiyi vaxt özünün də zolaqdan kənara çıxdığını gördükdən sonra bu mövzunu araşdırmağa qərar verdiyini bildirib.
Tədqiqatçılar böyük albom təqdimatlarının milyonlarla insanın eyni anda telefonlarına yönəldiyi nadir məqamlardan biri olduğuna diqqət çəkirlər.
Əldə edilən nəticələr qəzaların artmasının spirtli içki istifadəsindən daha çox birbaşa avtomobil idarə edərkən telefonla məşğul olmaqdan qaynaqlandığını göstərir.
Ölümlə nəticələnən qəzaların artımının böyük hissəsi avtomobildə tək olan sürücülər arasında müşahidə edilərkən, artımın spirtli sürücülərlə müqayisədə ayıq sürücülərdə daha nəzərəçarpacaq olduğu müəyyənləşdirilib.
Qəzaların gecə saatlarında və ya bayram şənliklərinin keçirildiyi vaxtlarda çoxalmadığı, gənc sürücülərdə ölüm hallarının isə yaşlı sürücülərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib.
Ekspertlər avtomobil idarə edərkən sensor ekranlar və ya smartfonlar vasitəsilə mahnı axtarmağın və musiqi siyahılarını dəyişdirməyin ciddi sürücülük riski yaratdığını bildirərək, sürücülərə yola çıxmazdan əvvəl musiqi seçimlərini tamamlamaları barədə xəbərdarlıq edirlər.





