Pakistan "Fatah-4" qanadlı raketinin sınağını uğurla keçirib
Pakistan ordusu yer-yer tipli "Fatah-4" qanadlı raketinin təkmilləşdirilmiş versiyasını uğurla sınaqdan keçirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi (ISPR) məlumat yayıb.
Bildirilib ki, sınağın məqsədi qoşunların operativ hazırlığını artırmaq və raketin müxtəlif sistemlərinin texniki göstəricilərini yoxlamaq olub. Sınaq zamanı dəqiqliyin artırılması və raketin digər texniki imkanlarının təkmilləşdirilməsi də qiymətləndirilib.
ISPR-in məlumatına görə, müasir avionika və naviqasiya sistemləri ilə təchiz edilən "Fatah-4" uzaq məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.
Raket Pakistan ordusunun Raket Qüvvələri Komandanlığının istifadəsi üçün hazırlanıb. "Fatah" raketlərinin 120 və 750 kilometr mənzilli modifikasiyaları 2025-ci ilin may və sentyabr aylarında sınaqdan keçirilib.


