İspaniya hökuməti mənzil böhranına qarşı iki yeni qanun qəbul etdi
İspaniyada azlıqda olan sol koalisiya hökuməti ötən həftə parlamentdə rədd edilən mənzil böhranının həllinə yönəlmiş qanunların ardından bu problemlə bağlı daha iki yeni qanun qəbul edib.
AFN.az xəbər verir ki, Baş nazir Pedro Sançes ölkədəki mənzil problemi ilə bağlı atdıqları addımların parlamentdə təsdiqlənməməsi səbəbindən elan etdiyi növbədənkənar ümumi seçki qərarından cəmi bir gün sonra Nazirlər Kabinetinin həftəlik növbəti iclasında bu məsələni əsas gündəmə gətirib.
Nazirlər Kabinetində yeni qəbul edilən iki qanun ilə bağlı Baş nazir iqamətgahı Monkloada mətbuata açıqlama verən Sançes hökumətin səlahiyyət müddətinin sonuna qədər ölkəni idarə etməyə davam etmək öhdəliyinin olduğunu vurğulayıb.
Sançes bildirib ki, parlamentdəki çoxluq xalqa arxa çevirərsə, xalq yeni ümumi seçki ilə parlamentdəki nümayəndələrini seçməlidir. Bu baş verənə qədər hökumət qanunvericilik fəaliyyətini davam etdirməli və xalqı müdafiə etmək üçün əlindən gələnin ən yaxşısını etməlidir.
Yeni qəbul etdikləri iki qanunun ötən həftə parlamentdə rədd edilən qanunların mahiyyətini qoruduğunu bildirən Sançes mənzil böhranının ideoloji deyil, humanitar məsələ olduğunu qeyd edib.
Sançes sentyabrın 23-də zorla evindən çıxarılan 87 yaşlı Mari Karmenin yaşadığı hadisənin İspaniyada bir daha təkrarlanmasına icazə verməyəcəklərini vurğulayıb. O, Nazirlər Kabinetində bu gün qəbul edilən iki qanunun 21 bənddən ibarət olduğunu və bunların arasında münasib qiymətli kirayə mənzillərə və mənzil sahibi olmağa çıxışın asanlaşdırılması, yeni ev sahibləri üçün vergi güzəştləri və təşviqlərin təmin edilməsinin də yer aldığını bildirib.
Sözügedən iki qanunda əvvəlkilərdə olduğu kimi, 2030-cu ilə qədər evlərdən məcburi çıxarılmaların qadağan edilməsi, kirayə müqavilələrinin 31 dekabr 2028-ci ilədək uzadılması, turistik və mövsümi kirayələrin tənzimlənməsi, eləcə də akbaba fondları adlandırılan riskli daşınmaz əmlak investisiya şirkətlərinin mənzil almasına məhdudiyyət qoyulması kimi tədbirlər də yer alıb.
Sançes həmçinin böyük yenilik adlandırdığı tədbir çərçivəsində ilk dəfə mənzil sahibi olmaq istəyənlərə 50 min avroyadək faizsiz kredit verilməsi üçün 10 milyard avro həcmində maliyyələşdirmə xəttinin yaradıldığını açıqlayıb.
İspaniyada noyabrın 29-da növbədənkənar ümumi seçkilərin keçiriləcək olması səbəbindən buraxılan parlamentin Daimi Komitəsinin üzvlərinə qanunları təsdiqləmələri üçün insanlıq naminə çağırış edən Sançes bu tədbirlərin təkbaşına mənzil problemini həll edə bilməyəcəyini və bir çox Avropa ölkəsində oxşar problemlərin olduğunu bildirib.

