İtaliyada qadınların uzunömürlülüyü ilə seçilən yeni kənd aşkarlanıb



İtaliyanın Sardiniya adasındakı dağlıq Bolotana kəndində qadınların ömrünün uzunluğu ilə bağlı diqqətçəkən göstəricilər müəyyən edilib. 

AFN.az xəbər verir ki, alimlər təxminən 20 il əvvəl eyni adada insanların qeyri-adi uzunömürlülüyü ilə seçildiyi və dünyanın ilk Mavi Zonası adlandırılan coğrafi ərazini müəyyən etmişdilər. Tədqiqatçılar indi ilkin Mavi Zonadan təxminən 110 kilometr qərbdə yerləşən Bolotanada uzunömürlülüklə seçilən yeni ərazi aşkarlayıblar.

Frontiers in Aging jurnalında dərc olunan yeni araşdırmada alimlər Bolotanada, xüsusilə də qadınların son dərəcə uzun ömür sürdüyünü göstərən sübutlar əldə ediblər.

2021-2025-ci illər arasındakı demoqrafik məlumatlara əsaslanan təhlilə görə, Bolotanada 70 yaşlı orta hesabla bir qadının qalan ömür uzunluğu 20,85 il hesablanıb.

Bu göstərici Bolotananın daxil olduğu Nuoro əyalətində 18,61 il, Sardiniya üzrə 18,4 il, İtaliya üzrə isə 18,06 il olub. Bolotanada 70 yaşlı qadının 100 yaşına qədər yaşamaq ehtimalı 13,83 faiz hesablanıb.

Bu göstərici Nuoro əyalətində 4,33 faiz, Sardiniyada 4,43 faiz, İtaliya üzrə isə 3,54 faiz səviyyəsində qalıb.

Bolotanada qadınların 70 yaşındakı gözlənilən ömür uzunluğu və 100 yaşına çatma göstəriciləri dünya üzrə Honq-Konqdan sonra ikinci yerdə qərarlaşıb.

Çikaqodakı İllinoys Universitetinin epidemioloqu və araşdırmanın həmmüəllifi S. Jay Olshansky Bolotananın dünyada qadınların ən uzun ömür sürdüyü və ya buna çox yaxın göstəriciyə malik əhali qrupunun yaşadığı ərazi olduğunu düşündüklərini bildirib.

Olshansky bu uzunömürlülüyün arxasında dayanan xüsusiyyətlər müəyyən edilərək insanların onları mənimsəməsinə kömək göstərilərsə, dünyanın digər bölgələrinin də bu icmaların dəyərlərindən faydalana biləcəyini ifadə edib.

Tədqiqatçılar Bolotanadakı kişilərin də uzun ömür sürdüyünü, lakin qadınlardakı qədər qeyri-adi göstəricilərin müşahidə olunmadığını bildiriblər.

Bolotanada 70 yaşlı kişinin qalan ömür uzunluğu 16,02 il olmaqla 15,48 il təşkil edən ölkə üzrə orta göstəricidən bir qədər yüksək ölçülüb. Kişilərin 70 yaşından 100 yaşına qədər sağ qalmaq ehtimalı isə ölkə üzrə orta göstərici olan 1,41 faizdən üç dəfədən çox yüksək – 4,92 faiz hesablanıb.

Araşdırmanın aparıldığı dövrdə əhalisi 2 266 nəfər olan Bolotananın alimlərin diqqətini cəlb etməsinin əsas səbəbi icmada 100 yaşını keçən çoxsaylı insanların olması olub.

Olshansky Bolotanaya qeyri-adi xüsusiyyət qazandıran əsas amilin insanların doğum və ölüm yaşlarını dəqiq qiymətləndirməyə imkan verən tarixi qeydlərin mövcudluğu olduğunu vurğulayıb.

O, əsrlər əvvələ gedib çıxan bələdiyyə və vəftiz qeydlərinin yaşları müstəqil şəkildə təsdiqləməyə imkan verdiyini bildirib. Olshansky 100 yaşını keçmiş hər bir şəxsin yaşını təsdiqləyə bildiklərini və heç bir qeyri-müəyyənliyin olmadığını qeyd edib.

Tədqiqatçılar Bolotana qadınlarının bu qədər uzun ömür sürməsini təmin edən amillərin hələ də dəqiq məlum olmadığını və bunun demoqrafik təhlilin əhatə dairəsindən kənarda qaldığını qəbul ediblər.

Lakin genetik baza, qidalanma vərdişləri, fiziki aktivlik, ailə dəstəyi, sosial uyğunlaşma və qayğıya çıxış kimi müxtəlif mexanizmlərin bu sağqalma üstünlüyünə töhfə verə biləcəyi bildirilib.

Olshansky yaşayış məntəqəsinin ətraf mühitinin də rol oynaya biləcəyinə diqqət çəkərək sakinlərin qidanın böyük hissəsinin yerli olaraq yetişdirildiyi sıldırım və dağlıq ərazidə yaşadığını, sosial təcridin isə nadir olduğunu deyib.

Olshansky insanların bir-birinə dəstək olduğu, bir-biri ilə sıx bağlı icmanın mövcud olduğunu və nəqliyyatın böyük ölçüdə avtomobillə deyil, piyada həyata keçirildiyini qeyd edib.

Mavi Zonalar şirkətinin təsisçisi və araşdırmanın həmmüəllifi Dan Buettner Bolotanada qeyri-adi bir vəziyyətin yaşandığını artıq bildiklərini söyləyib.

Buettner növbəti addımın bunun səbəbini və buradakı dərslərin digər yerlərdə insanların daha uzun və sağlam yaşamasına kömək edib-etməyəcəyini anlamaq olduğunu bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu