Meriyanın vəzifəli şəxsləri məsuliyyətə cəlb ediləcək
Hesablama Palatasının Kollegiyasında 2018-ci ildə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditinin nəticələri ilə bağlı Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiqlənib.
ONA-nın məlumatına görə, auditlə ümumilikdə 16573,4 min manat məbləğində vəsait əhatə edilib.
Nizamnaməsinə əsasən, Birliyin strukturu və ştat cədvəli Bakı Şəhər İcra Hakimiyyətinin təsdiqinə verilməyib, Birliyin aparat və sahə işçiləri, eləcə də bağ fəhlələrinin əmək haqları müvafiq qaydada müəyyənləşdirilməyib, yaşıllıq sahələrinə müvafiq ixtisas tələb edən işçilərin işə qəbulu zamanı “Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nın tələbləri gözlənilməyib. Birliyin tabeliyində olan təşkilatlarla hesablaşmalar üzrə debitor borcunun bağlanılması üçün zəruri tədbirlər görülməyib, balansında olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi zamanı dövlət büdcəsinə az vəsait ödənilib. Eyni zamanda yaşıllıqların xidmət xərclərinə nəzərdə tutulmuş vəsaitdən inzibati binaya görə icarədarlara vəsait ödənilib, balansında olan torpaq sahəsinin digər müəssisə tərəfindən qeyri-rəsmi istifadə olunduğu müəyyən edilib.
Birlik tərəfindən balansında olan yaşıllıq sahələrinin inventarizasiyası aparılmayıb, yaşıllıqlara qulluq xərcləri üzrə “işlərin yerinə yetirilməsi barədə forma-2 akt”ları tərtib edilərkən mövcud qanunvericiliyin tələblərinə riayət edilməyib, 2017-ci ildə xaricdən alınmış və müvafiq gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş əkin materialları üzrə vəsait satınalma proseduru keçirilmədən xərc edilib. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyib, uçotda olmayan müxtəlif çeşiddə əkin materialları mövcud olub.
Hesablama Palatasının Kollegiyası Birliyin fəaliyyətində aşkar olunmuş nöqsan və uyğunsuzluqların aradan qaldırılması, o cümlədən maliyyə intizamının gücləndirilməsi, dövlət büdcəsinə vəsaitin bərpa edilməsi, Birliyin və tabeli qurumların aparatının yerləsdirilməsi, əməyin ödənilməsi, satınalmalar, vergi, nağdsız hesablaşmalar, mühasibat uçotu, yaşıllıqlara qulluq, idarəetmə üzrə qanunvericiliyin tələblərinə əməl edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlərin həyata keçirilməsinin təmin edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. Qərar icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə Kollegiya qərarının və auditor hesabatının surəti göndərilib.
Birliyin balansında olan torpaq sahəsinin qeyri-rəsmi istifadə edildiyi barədə mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə məktub göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.