XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir




Sual: Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və "Arsenal"ın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsi ilə bağlı açıqlama ilə çıxış edib. Bu barədə nə deyə bilərsiniz?



İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən Arsensal futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

Şəxsən XİN-in mətbuat katibi kimi mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

Ermənistan XİN-in "Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan Arsenalın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal etdiyi ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq. (Qaynarinfo.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu