“INNOLAND” və “AzerGold” QSC sənayenin inqilabi startaplarını bir araya gətirəcək




Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AzerGold” QSC ilə birgə Akselerasiya Proqramına başlayıb.



Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Xəyyam Fərzəliyevin iştirakı ilə tərəflər arasında görüş keçirilib.

Akselerasiya Proqramı haqqında tərəflər ikitərəfli müqavilə imzalayıblar. Əməkdaşlığın əsas məqsədi sahələrarası innovasiyanı stimullaşdırmaq üçün sənayenin inqilabi startaplarını bir araya gətirmək, sənaye ilə bağlı yenilikləri təşviq etmək və prosesləri optimallaşdırmaqdır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, akselerasiya proqramında dağ-mədən sənayesində və “AzerGold” QSC-də prosesləri optimallaşdıran, mövcud potensialı inkişaf etdirən, peşəkar bilikləri artıran, aparıcı texnologiyalardan, avadanlıqlardan və həll yollarından istifadə edən startaplar iştirak edə bilər.

Dağ-mədən sənayesi üçün innovativ həllər təqdim etməklə yanaşı, startaplar “AzerGold” QSC-nin təşkilati ehtiyacları üçün, o cümlədən geologiya, insan resurslarının idarəolunması, rəqəmsallaşdırma, hüquq, maliyyə və digər sahələr üzrə həllər təklif edəcək.

Nəticədə Akselerasiya proqramını uğurla bitirən startaplar “AzerGold” QSC ilə birbaşa əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu