Ekspert Azərbaycanın ehtiyat xarici valyuta aktivlərinin durumunu təhlil etdi




Hazırkı virus mənşəli qlobal iqtisadi resessiyanın doğuracağı qısa və orta müddətli risklərdən maksimum az itkilə çıxamağın yeganə təminatı Azərbaycanın ehtiyat xarici valyuta aktivləridir.



AFN xəbər verir ki, bunu dünya və ölkə iqtisadiyyatının son durumunu şərh edərkən iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, neftin indiki şəkildə ucuz qaldığı dövr ərzində cari valyuta qazanc və daxilolmalarının ölkənin xarici valyutaya ehtyaclarını qarşılaya biləcəyi real görünmür. Ona görə zərurət yarandıqca böhran dövründə ehtiyatlardan istifadə ediləcəyi şübhəsizdir: "Lakin bir narahatlıq var: böhranın uzun çəkəcəyi və daha dağıdıcı ssenarilərin baş tutacağı halda ehtiyatların mövcud dəyərinin nə qədərinin qoruna biləcəyi çox önəmlidir. Çünki indi həm valyuta, həm aktivəsaslı risk paralel şəkildə yüksəlir. Ən ideal diversifikasiya olunmuş investisiya fondları üçün belə itki qaçılmazdır.
Məsələn, portfelində səhmlərin yüksək payı olan Norveç Fondu son 3 ayda 120 mlrd. dollar (ümumi aktivlərin 10%-i) dəyər itirib. Halbuki ötən il tarixində maksimum həcmdə - 170 mlrd. dollar gəlirliliyi olmuşdur.
Artıq mart ayı bitir, Azərbaycan Neft Fondunun aktivlərinin də son dərəcə ağır iqtisadi şərtlər altında keçən ilk rübdə necə dəyişəcəyi hər kəs üçün maraqlıdır. Şübhəsiz ki, 1-ci rübdə neftin aşağı qiyməti Fondun cari gəlirləri hesabına ehtiyatlarını artırmağa imkan verməyəcək - cari daxilolmalar xərclənəcək. Dünya maliyyə və fond bazarlarında hazırkı şərtlər aktivlərin gəlirlilik səviyyəsinin də aşağı düşəcəyini qaçılmaz edir - xüsusilə də aktivlərin 20%-ni təşkil edən səhm və daşınmaz əmlakdan gəlirlərin azalması qaçılmazdır.
Aktvivlərin 70%-ə yaxınının qoyulduğu istiqrazlar və pul bazarı alətləri sabit gəlirli və risklərdən maksimum zəmanəti olan aktivlər olsa da, aşağı gəlirli aktivlər hesab olunur. Amma indi ən vacib olan yenidən qiymətləndirmə nəticəsində aktivlərin dəyərində hansı itkilərin olacağıdır.
Valyuta riski baxımından itkinin az olacağını proqozlaşdırmaq olar - çünki fondun portfelinin 88%-i dollar və avro ilə indekslənmiş aktivlərdən ibarətdir".
31 dekabr - 27 marta aralığında avro dollar qarşısında cəmi 1.8% dəyər itirib. Ekspertin sözlərinə görə, valyuta riskli itkinin portfelin yerdə qalan 12%-ni təşkil edən valyutalardan (rubl, lirə, yena, funt və s.) gələcəyini gözləmək olar: "Bu valyutalar dollar qarşısında son 3 ayda 5-25% intervalında dəyər itirib. Lakin onların payı çox kiçik olduğu üçün valyuta riski hesabına aktivlərin həcmində azalmanı qızıln dəyərindəki artım kompensasiya edə bilər.
31 dekabr - 27 mart intervalında qızılın qiymətində 8%-lik artım görünür. Qızıl ümumi aktivlərin 11.4%-ni təşkil edir.
Aktiv əsaslı, yəni dərin böhran şəratində səhmlərin və daşınmaz əmlakın kəskin dəyər itirməsi hesabına Fondun portfelinin necə dəyişdiyini hesabat açıqlananda görmək mümkün olacaq. Nəzərə alaq ki, son 3 ayda aparıcı fond indekslərində orta hesabla 20%-lik dəyər itkisi var.
Bir risklə bağlı isə ötən günlərdə yazmışdım - aşağı və ya qeyri-investisiya reytinqli, eyni zamanda dərin böhranlarda yüksək defolt riski olan inkişaf etməkdə olan ölkələrin kağızlarına və pul bazarı alətilərinə qoyuluşarla bağlı ola bilir. Fondun aktivlərinin cəmi 12%-i aşağı və ya qeyri-investisiya reytinqlidir, təxminən üçdə biri isə inkişaf etməkdə olan bazarlardadı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu