Moldova səfirini Rusiyadan geri çağırır
Moldova Xarici İşlər Nazirliyi avqustun 9-da respublika ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi və partlamasından sonra səfirini məsləhətləşmələr üçün Rusiyadan geri çağırdığını bəyan edib.
AFN.az xəbər verir ki, bu barədə nazirlik "Telegram" kanalında məlumat verib.
XİN bu insidenti "Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün pozulması" kimi qiymətləndirib. "Bununla əlaqədar XİN Moldovanın Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırır", – deyə məlumatda bildirilir.
Daha əvvəl Rusiya səfiri Ozerov qeyd etmişdi ki, Moldova hakimiyyəti Avropa İttifaqı rəhbərliyinin təlimatlarına uyğun olaraq, heç bir sübut təqdim etmədən bütün bəlalarda Rusiyanı təqsirləndirir. Onun sözlərinə görə, Moldova hakimiyyəti ilə bütün təmaslar yalnız XİN-ə çağırışlarla məhdudlaşıb.
Moldova polisi avqustun 9-da Ukrayna ilə sərhəddə, Ştefan-Vodə rayonunda yerləşən Krokmaz yaşayış məntəqəsində PUA-nın düşməsi və partlaması barədə məlumat verib, hadisə nəticəsində xəsarət alan olmayıb.



