Şimali Koreya Rusiyaya 50 min əsgər göndərir
Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya əsgərlərinin Rusiyadakı mövcudluğu ilə bağlı yeni açıqlamalar verib.
AFN.az xəbər verir ki, Zelenski Rusiyaya yerləşdirilən Şimali Koreya əsgərlərinin sayının 50 minə çatacağını bildirib.
Ukrayna lideri hava hücumundan müdafiə sistemlərinin çatışmazlığına diqqət çəkərək Cənubi Koreyadan dəstək istəyib.
Zelenski Şimali Koreyanın müasir müharibə təcrübəsi qazanacağını və Rusiyadan hərbi texnologiya əldə edəcəyini bildirib.
Ukrayna hərbi kəşfiyyatının rəsmiləri Şimali Koreyaya məxsus raket bölməsinin Rusiyanın qərbinə doğru hərəkət etməyə başladığını açıqlayıb.
Sözügedən bölmənin 120 ballistik raket və 6 buraxılış qurğusu ilə təchiz edilə biləcəyi bildirilib.
Şimali Koreyanın daha əvvəl Kursk bölgəsinə təxminən 14 min əsgər göndərdiyi, bu birliklərin minlərlə itki verdiyi qeyd edilib.
Həmçinin Pxenyan rəhbərliyinin Rusiyaya milyonlarla döyüş sursatı, ballistik raket və reaktiv yaylım atəşi sistemləri verdiyi bildirilib.
Xarkovun Saltivski rayonunda yaşayış binasına təşkil edilən Rusiya raket hücumu nəticəsində 2 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
Odessadakı hücumlarda enerji infrastrukturu, liman və yaşayış binaları zərər görüb. Dneprdə Ümumdünya Səhiyyə Təşkilatına məxsus tibbi ləvazimat anbarı vurularaq məhv edilib. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus səhiyyə obyektlərinə qarşı hücumların dayandırılmasına çağırıb.
Rusiya tərəfi isə Ukrayna dronlarının Belqorod vilayətində 5 nəfərin ölümünə, 24 nəfərin yaralanmasına səbəb olduğunu açıqlayıb.
Ukrayna dronlarının Novorossiysk şəhərində kommersiya obyektlərini və yaşayış binasını hədəf aldığı bildirilib.
Ukraynaya məxsus olduğu ehtimal edilən dronun Bolqarıstanın hava məkanına daxil olduqdan sonra partlaması ilə əlaqədar Sofiya rəhbərliyi Ukraynanın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Heç bir insan tələfatının qeydə alınmadığı hadisə ilə bağlı iki ölkənin rəsmilərinin əlaqə saxladığı açıqlanıb. Moldovanın Krokmaz kəndi yaxınlığında da hərbi drona aid olduğu bildirilən qalıqlar tapılıb.
Britaniyanın müdafiə naziri Ues Stritinq müttəfiq ölkələri qış mövsümündən əvvəl Ukraynanın hava hücumundan müdafiə imkanlarını artırmağa çağırıb.
Papa Leo isə duasından əvvəl etdiyi çıxışda Ukrayna və Rusiyada mülki şəxslərin həyatını itirməsindən kədərləndiyini bildirərək tərəfləri mülki hədəflərə qarşı hücumları dayandırmağa çağırıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, müharibədə indiyədək 16 mindən çox mülki şəxs həyatını itirib.



