Danimarka Baş naziri Aİ-də sərt miqrasiya siyasətinin tərəfdarı kimi çıxış edib
Danimarkanın Baş naziri Mette Frederiksen İtaliyanın Baş naziri Corca Meloni ilə Avropa İttifaqında sərt miqrasiya siyasətinin aparılması və nəzarətsiz miqrasiya ilə mübarizənin zəruriliyi məsələsində həmrəyliyini ifadə edib.
AFN.az xəbər verir ki, bununla bağlı Frederiksen və Meloni "Facebook" sosial şəbəkəsində birgə paylaşım ediblər.
"Biz Avropaya nəzarətsiz miqrasiyaya icazə verməyəcəyik. Həm ölkə daxilində, həm də Avropada sərt immiqrasiya siyasəti ilə bağlı aparıcı mövqe tuturuq", – deyə bəyanatda qeyd olunub.
Hökumət rəhbərləri vurğulayıblar: "Qanunsuz miqrasiyanın cəmiyyətimiz üçün mənfi fəsadlar yaratdığını heç kim dana bilməz: cinayətkarlıq artır, sosial təminat sistemimizə təzyiq göstərilir və ictimai etimad zəifləyir".
Baş nazirlərin sözlərinə görə, onlar hər məsələdə razılaşmasalar da, onları "Avropanın qayğısına qalmaq istəyi birləşdirir". Frederiksen və Meloni hesab edirlər ki, Aİ-dən daha çox insanı deportasiya etmək və üçüncü ölkələrdə deportasiya mərkəzləri yaratmaq lazımdır.
