AZAL səhhətinə görə uçuşa gedə bilməyən sərnişinin pulunu qaytarmır - ŞİKAYƏT


Atası vəfat edən xanım yaşadığı xarici ölkədən AZAL reyslərindən birinə bilet alıb. Lakin o, səhhətində yaranan problem səbəbindən uçuşdan istifadə edə bilməyib. Aviabiletə görə ödədiyi vəsaitin geri qaytarılmasını istəsə də, buna nail ola bilmir.

AFN.az xəbər verir ki, Aylin A.-nın (ad şərtidir) sözlərinə görə, o, 8 avqust 2026-cı il tarixində İstanbuldan Bakıya uçmaq üçün “Azərbaycan Hava Yolları”nın (AZAL) J28106 saylı reysinə ekonom sinifdən bilet alıb.

Uçuş İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanından saat 15:55-də həyata keçirilməli olsa da, xanımın səhhətində olan problem üzündən səfərini təxirə salmalı olub. Aylin A. uçuşa gedə bilməməsinin səbəbini təsdiqləyən həkim arayışının olduğunu da qeyd edib: "Arayışı təqdim etmişəm, e-mail yazmışam, zəng etmişəm, amma qaytarmırlar. Heç olmasa vergini və digər xərclər üçün nəzərdə tutulan hissəsini qaytarsın. O mənim halal pulumdur, həkim arayışı var, niyə batsın axı?”

Məsələ ilə bağlı əsas sual isə səhhətində problem yaranan və bunu tibbi sənədlə təsdiqləyən sərnişinin istifadə etmədiyi biletə görə ödədiyi vəsaiti geri almaq imkanının olub-olmamasıdır.

Qeyd edək ki, “Economy” sinfinin seçilməsi avtomatik olaraq bütün biletlərin geri qaytarılmasının mümkünsüz olduğu anlamına gəlmir. Biletin qaytarılması və ya dəyişdirilməsi konkret tarifin şərtlərindən asılı ola bilər.

Məsələ ilə bağlı AZAL-a jurnalist sorğusu göndərilib. Sorğuda səhhətində yaranan problem səbəbindən uçuşdan istifadə edə bilməyən sərnişinlər üçün tətbiq olunan qaydalar, həkim arayışının nəzərə alınıb-alınmaması, belə hallarda biletin pulunun tam və ya qismən geri qaytarılmasının mümkün olub-olmaması barədə məlumat istənilib.

Aviaşirkətin mövqeyini aldıqdan sonra təqdim edəcəyik.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu