Bu kəllə qəndlər ölüm saçır! - ekspertdən SOS
"Azad İstehlakçılar" İctimayi Birliyi (AİB) hələ 2018- ci ildə ölkənin əmtəə bazarında bəzi kiçik sexlərdə istehsal olunan təhlükəli kəllə qənd barədə istehlakçılara məlumat vermiş və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəliyyıtə başlayandan sonra bu kimi təhlükəli kəllə qəndlərin ekspertizasını keçirtməkyi xahiş etmişdi. AQTA-dan AİİB-ə daxil olan 20.11.2019-cu il tarixli cavab məktubunda göstərilir ki, "Qədim dad", "Bizim əsr", "İran", "Mədinə" mal nişanlı qənd istehsalı müəssiələrində monitorinqlər keçirilib və məlum olub ki, bu müəssisələrdə ağ kəllə qənd hazırlanan zaman texnoloji proses bilərəkdən pozulub, qəndin ağardılması üçün tekstildə, dəri aşılanmasında istifadə olunan, insan sağlamlığı üçün təhlükə törədən 5-ə qədər kimyəvi maddədən və o cümlədən natrium dionitdən, tetrodekonol kimi kimyəvi maddələrdən istifadə olunub. Bu müəssisələrə qarşı cinayət işi qaldırılıb, qeyd olunan markalı mallar satışdan çıxarılıb".
AFN xəbər verir ki, bunu AİB sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, əhalinin müraciətləri əsasında AİB bundan saonra əmtəə bazarında 2 dəfə monitorinq keçirib və təəssüf olsun ki, qeyd olunan markalı kəllə qəndlərin bəzilərinin hələ də əhaliyə satıldığını müəyyən edib: "Son monitorinq 6.06.2020-ci il tarixdə keçirilib. Kimyalaşdırılaraq ağardılan təhlükəli kəllə qəndlərin kütləvi şəkildə hətta müasir marketlərdə satıldığı müəyyən edilib, bu barədə AQTA-ya yenidən müraciət etmək qərarına gəlinib. Kimyalaşmış qəndləri almaqdan çəkinin! Şübhəli bu kimi malları satışda gördükdə AQTA-nın 1003 qaynar telefon xəttilə məlumat verin!"
Təbii ki, ölkədə şəkər və şəkər tozu istehsalı deyiləndə ilk ağla gələn “Azərsun Holdinq”dir. Bu baxımdan şirkətin məsələ ilə bağlı mövqeyi maraqlı olar. “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov AFN-ə açıqlamasında təəssüflə bildirdi ki, bazarda həqiqətən də insan sağlamlığı üçün zərərli olan kəllə qənd məhsulları mövcuddur: "Bəzi sahibkarlar daha az xərc çəkərək daha çox gəlir əldə etmək üçün qəndin ağardılmasını zəruri avadanlıqlardan istifadə etmədən kimyəvi maddələr hesabına həyata keçirirlər. Bildiyiniz kimi, istehlakçılara təqdim edilən “Final”, “Azərşəkər”, “Evim” markaları “Azərsun Holdinq”ə məxsusdur. Bu markalar Azərbaycan Şəkər İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən Kəllə Qənd Zavodunda istehsal edilir. Məhsullarımızın ağardılması tam təbii yolla həyata keçirilir. Bunun üçün avtomatlaşdırılmış sentrifuqa avadanlığından istifadə edilir. Şəkər sentrifuqada qəlibin formasını alaraq ilkin qurutma prosesindən keçir və daxilindəki şərbət şəkərdən ayrılır. Daha sonra kəllə qənd məhsulu tam qurudulması və sərtləşməsi üçün qurutma tunelinə, oradan da doğranmaya və son mərhələ olan qablaşdırmaya yönləndirilir. Bütün proses avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən həyata keçirilir. Bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi Kəllə Qənd Zavodunda da keyfiyyətə nəzarət ən yüksək səviyyədə təmin edilir. Məhz bu səbəbdəndir ki, kəllə qənd məhsulumuzun ABŞ, Kanada, Almaniya, MDB ölkələrinə ixracı təmin edilir. Bildiyiniz kimi, bu ölkələrə ixracat üçün məhsul ən yüksək keyfiyyət göstəricilərinə sahib olmalıdır. Bizim məhsullar da bu tələblərə cavab verir”.