Rəqəmsal Azərbaycanın aqrar sektoru nə dərəcədə rəqəmsallaşıb?


"Bir neçə gün öncə ölkədə “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans təşkil olunmuşdu. Açıqlanan məlumatlardan belə anladım ki, əsasən nazirlərin toplantısı formatında bir tədbir olub. Ölkədə mövzu ilə əlaqəli maraqlı tərəflər, biznes sektoru, İKT sektoru konfransda iştirak etməyib. Rəqəmsallaşmaya cavabdeh dövlət qurumunun da nümayəndəsi konfransda gözə dəymirdi".


AFN.az xəbər verir ki, bunu İT üzrə mütxəssis Osman Gündüz bildirib. Onun sözlərinə görə, konfransla bağlı rəsmilərin açıqladığı məlumatlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının kənd təsərrüfatında rəqəmsal transformasiya sahəsində Azərbaycan təcrübəsinin ən yaxşı təcrübə kimi müəyyən edildiyi açıqlanıb: "Bir qədər araşdırma aparsam da, Azərbaycanın rəqəmsal kənd təsərrüfatı sahəsində hansı təcrübəsinin konfransda təqdim edilməsini və bu istiqamətdə hansı tədbirlərin planlaşdırıldığını tapa bilmədim. Hələlik Kənd təssürfatı Nazirliyində bu istiqamətdə təqdim edilə biləcək yeganə iş Elektron Kənd Təsərrüfatı İnformasiya sisteminin formalaşdırılmasından ibarətdir. Hansı ki, onun da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bir də zaman-zaman Nazirlik regionlarda dronlar və kənd təsərrüfatı texnikalarını innovasiya adı ilə təqdim edir".

Mütəxəssis bildirib ki, bütövlükdə aqrar sektorun inkişafına yönəlik, müxtəlif sahələr üzrə ixtisaslaşan, fermerlər üçün aqrotexniki qərarların qəbuluna köməklik göstərən, proqnozlar qurmağa və məlumatlar əldə etməyə imkan yaradan rəqəmsal həllər hələlik ortada yoxdur: "EKTİS (eagro.az) quru, ifrat dərəcədə bəsit-statistik bir resursdur, digər faydalı sektorlar bura inteqrasiya olunmayıb. Bank sisteminə, peyk məlumatlarına, ekoloji və su təminatı sistemlərinə inteqrasiya hələlik baş tutmayıb. Əsas məqam odur ki hələlik kənd təsərrüfatının ayrı-ayrı sektorları üzrə rəqəmsal həllər gözə dəymir.
Toplanmış datalardan maraqlı tərəflərin istifadəsinə imkanlar yaradılmayıb. Görünən odur ki, heç Nazirliyin özü də hələlik bu datalardan effektiv istifadə mexanizmləri qura bilməyib. Əslində isə rəqəmsal transformasiya istiqamətində, ümumi yanaşmanın və konkretliyin olmaması təkcə kənd təsərrüfatı ilə bağlı deyil. Bütün sektorlarda eyni situasiyadır. Sanki hər bir dövlət qurumu özü üçün rəqəmsal transformasiya aparır, müxtəlif rəqəmsal platformalar yaradılır, amma inteqrasiyada, kordinasiyada köklü keyfiyyət dəyişikliyə nail olmaq, bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi sahəsində problemlər qalır. Bütün bunların isə əsas səbəbi həm də odur ki, ortada ümumiyyətlə rəqəmsallaşma ilə əlaqəli konseptual sənədlər yoxdur. Əlaqələndirmədə, kordinasiyada problemlər müşahidə olunur. Baxmayaraq ki, məhz bu problemin aradan qaldırılması ilə bağlı Prezidentin müvafiq fərmanları var".

Osman Gündüzün sözlərinə görə, bir il öncə ölkədə bütün sektorlar üzrə rəqəmsal transformasiya - "Rəqəmsal Azərbaycan" konsepsiyasının layihəsinin 4 ay müddətində hazırlnaması ilə bağlı Prezidentin müvafiq tapşırığı olub. Lakin indiyədək bu sənəddən xəbər yoxdur, tapşırıq icra edilməyib: "Daha bir əlaqəli sənəd isə “Ağıllı kənd” konsepsiyası ilə bağlıdır. Bir il öncə Prezident fərmanı ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının 6 ay müddətində hazırlanması üçün tapşırıq verilib. Artıq Qarabağda bu istiqamətdə müəyyən işlər görüldüyü bildirilsə də, hələlik ortada adı çəkilən sənəd yoxdur.
Maraqlı məqam həm də odur ki, xeyli müddət öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sənədlərin hanzırlanması və razılaşdırmalara təqdim edilməsi haqqında açıqlamalar verib. Amma hələlik sənədlər təsdiqlənməyib. Düşünürəm ki, ölkdə rəqəmsal transformasiya ilə əlaqəli konseptual sənədlərin bu qədər gecikdirilməsi doğru deyil. Cəmiyyətin, dövlətin inkişafı indiki zamanda məhz rəqəmsal transformasiyadan daha çox asılıdır. Aidiyyatı qurumlar, icraya nəzarət edənlər rəqəmsal transformasiya prosesinə və onun sürətlənməsinə ciddi yanaşmalıdırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu