Kreml: Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi beynəlxalq maliyyə qaydalarına ziddir
Avropa Birliyinin (Aİ) Rusiya aktivlərindən Ukrayna üçün istifadə edilməsi beynəlxalq maliyyə sisteminin bütün qayda və normalarına ziddir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verib.
AB-nin ehtiyatlı qərar verdiyini ifadə edən Peskov, "Bu cür qərarların potensial təhlükəsini və nəticələrini anladıqları üçün yumşaq bir qərarı təsdiq etdilər" deyib.
Rusiya aktivlərinə qarşı verilən qərarın hələ də “qəsb” olduğunu bildirən Peskov, “Bu gəlirlərin hamısı bizə məxsusdur və onların başqa məqsədlər üçün transferi beynəlxalq maliyyə sisteminin bütün qayda və normalarına ziddir” vurğulayıb.
Peskov qərarın necə həyata keçiriləcəyini yaxından izləyəcəklərini və Rusiyanın bu məsələyə reaksiyası üzərində də çalışdıqlarını bildirib.
Qeyd edək ki, Aİ Şurası dünənki açıqlamasında Rusiyanın dondurulmuş aktivlərindən yaranan fövqəladə gəlirləri üçün hazırlanan planın üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
Müvafiq olaraq, Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynanın müdafiəsi və yenidən qurulmasına dəstək üçün istifadə olunacaq.
Bu çərçivədə qazancın 90 faizi Avropa Sülh Fondu vasitəsilə Ukraynanın müdafiə və hərbi dəstəyinə, 10 faizi isə ölkənin yenidən qurulması üçün müxtəlif proqramlara köçürüləcək.
Xatırladaq ki, Qərb ölkələri Rusiyaya məxsus təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.