Pensiyaların indeksləşdirilməsi 280 manata tətbiq olunacaq, yoxsa 240 manata? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən əmək pensiyasının minimum məbləği ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflər hazırlanması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.
Lakin onun hansı tarixdən tətbiq olunacagı təyin edilməyib.


AFN.az xəbər verir ki, əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması tarixinin açıq qalması bir sıra suallara səbəb olub. İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, bu, indeksləşdirmə ilə bağlıdır. Ekspertin fikrincə, sərəncamın icrası indeksləşdirmədən sonra tətbiq ediləcək və indeksləşdirmədən sonra artımla birlikdə pensiya 280 manat olacaq. Ekspertin mövzu üzrə şərhi ilə BURADAN tanış ola bilərsiniz.
Bəs əslində necədir? İndeksləşmə 280 manata tətbiq olunacaq, yoxsa 240 manata? Bu haqda hansısa müzakirələr, qərar varmı? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AFN.az-ın sorğusuna cavab olaraq bildirdi ki, indeksləşdirmə hər bir halda yanvarın 1-dən aparılacaq: “Statistika Komitəsinin müəyyən edəcəyi orta aylıq əməkhaqqının artım faizinə görə indeksləşmə həyata keçiriləcək. Amma bunun hansı məbləğə tətbiq olunacağı haqda biz bir şey deyə bilmərik. Çünki cənab Prezidentin dünənki sərəncamında bu barədə Nazirlər Kabinetinə tapşırıq verilib, 10 gün müddətində təkliflər təqdim ediləcək rəhbərliyə. Ondan sonrakı proseslər veriləcək qərardan asılı olacaq. İndeskləşdirmə isə bütün hallarda yanvarın 1-dən tətbiq ediləcək. Hansı məbləğə olacaq, bu, dediyim kimi, hazırlanan təkliflərdən və verilən qərardan asılı olan məsələdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu