Manat ucuzlaşır? - Mərkəzi Bankdan açıqlama


Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.



AMB-nin verdiyi xəbərə görə, hərracda tələb 142,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 yanvar 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2 dəfə və ya 71,6 mln. dollar artıb. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

AMB qeyd edir ki, son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən əsassız xəbərlərin fonunda formalaşan gözlənti nağd valyuta bazarında müəyyən tələbi şərtləndirib ki, bu da valyuta hərracında tələbin nisbətən artmasına təsir edib: "Lakin neftin qiymətinin ötən illə müqayisədə artdığını, "OPEC+"ın son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".

Bank əlavə edib ki, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır: "Bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu