Nəvəsinin ad gününə gedən qadını kürəkəni qətlə yetirib


Şəkidə 60 yaşlı qadının kürəkəni tərəfindən qətlə yetirildiyi məlum olub.



"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Şəki şəhəri ərazisində, mənzillərdən birində baş verib.

Belə ki, Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qayınanası, 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızını bıçaqla vuraraq öldürüb.

Məlumata görə, 60 yaşlı Ruqiyə Əhmədova axşam saatlarında nəvəsinin ad gününü təbrik etmək üçün kürəkənigilə gəlib. Həmin vaxt tərəflər arasında hələlik məlum olmayan səbəblərdən mübahisə yaranıb və R.Cəlilov qayınanasına bıçaqla xəsarət yetirərək onu öldürüb.

Ailə üzvlərinin "Report"un bölgə müxbirinə bildiridiyinə görə, R.Cəlilov hadisəni törədən vaxt içkili olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu