Dövlət başçısı: "Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır"


"Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində önəmli layihələr icra edildi, dəmir yollarımızın reabilitasiyası layihələri icra olundu. Bakı dairəvi dəmir yolu inşa edildi və bu, sərnişin daşımaları, insanların rahatlığı üçün çox önəmli hadisədir. Müxtəlif şəhərlərdə dəmir yolu vağzalı inşa edildi".



AFN xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Bizim tərəfdaşlarımız hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Qeyd etməliyəm ki, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır. Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik və əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır. Çünki bizim imkanlarımız genişlənib. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə istismara verilmiş Bakı gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur və biz bu istehsalı hər il artırırıq. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri və yük gəmiləri istehsal olunur. Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə iş yeri açmışıq və neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün də imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər", - dövlət başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu