85-dən çox yoxsul ölkə 2023-cü ilədək koronavirus peyvəndi əldə edə bilməyəcək


2021-ci ilin əvvəlində inkişaf etmiş ölkələrdə üç peyvənd kütləvi şəkildə tətbiq ediləcək. Bunlar “Pfizer” (ABŞ) və “BioNTech” (Almaniya), “Moderna” (ABŞ) və “AstraZeneca”-Oksford Universiteti (İngiltərə) vaksinləridir.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Economist” dərgisi yazıb.

Məqalədə bildirilib ki, bu əsnada Çin və Rusiya peyvəndləri həm ölkə daxilində, həm də ikitərəfli diplomatik razılaşmalardan sonra Misir kimi inkişaf etməkdə olan ölkələrdə tətbiq olunur. Bu, “peyvənd diplomatiyası”nı sürətləndirəcək: həm bu il, həm də sonrakı illərdə Rusiya və Çin vaksin tədarükü yolu ilə qlobal statuslarını gücləndirməyə çalışacaqlar.

Dərgi yazır ki, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının əksər ölkələri öz prioritet qruplarını artıq martın sonunda aşılayacaqlar, qalan varlı ölkələr isə bunu iyunun sonunadək edəcəklər. Bu səbəbdən 2021-ci ilin ortalarından etibarən qlobal iqtisadiyyata dair proqnozların yaxşılaşacağını və üçüncü, həmçinin dördüncü rüblərdə yaxşılaşmanın sürətlənəcəyini gözlənilir. Bununla belə, o zamanadək həyat öz axarına düşməyəcək, çünki əhalinin əsas hissəsinin vaksinasiyası 2022-ci ilin ortalarına qədər davam edəcək.


Orta gəlirli ölkələr arasında öz peyvəndlərini inkişaf etdirən Rusiya nisbətən varlı ölkələr ilə eyni qrafiklə gedəcək. Moskva 2022-ci ilin ortalarına qədər kütləvi peyvəndləməni sona çatdıracaq. Meksika və Braziliya da daxil olmaqla, digər orta gəlirli ölkələrə klinik sınaqların aparılması və ya peyvənd fabriklərinin tikilməsi qarşılığında tədarük vəd edilib. Kütləvi peyvəndləri tətbiq etmək bacarığı maliyyə imkanları, əhali, səhiyyə işçilərinin sayı, infrastruktur və siyasi iradə kimi digər amillərdən asılı olmasına baxmayaraq, bu onlara prioritet qruplar üçün dozalara erkən çıxış imkanı yaradacaq.

Çin və Hindistanda isə vəziyyət fərqlidir: hər iki ölkə öz peyvəndlərini hazırlayıb və plan üzrə tətbiq edir, ancaq əhali sayının çoxluğuna görə kütləvi peyvənd proqramları 2022-ci ilin sonunadək davam edəcək. Bu, təxminən əksər orta gəlirli ölkələrin gözlənilən vaxt çərçivəsinə bərabərdir.


Nəhayət, orta gəlirli və əksər kasıb ölkələrin qalan hissəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirdiyi və yoxsul ölkələrə 6 milyard doza peyvənd vermək təşəbbüsü olan COVAX-a möhtac qalacaqlar. İlk iki milyard artıq 2021-ci ildə veriləcək – bununla əsasən tibb işçiləri vaksinasiya olunacaq (COVAX proqramı hər ölkənin əhalisinin 20 %-dək əhatə edəcək). Bununla birlikdə, COVAX tədarükü, xüsusən də varlı ölkələr üçün istehsal gecikmələri yoxsul ölkələrə tədarükü gecikdirsə, yavaşlaya bilər. İnkişaf etməkdə olan ölkələrdə, ümumiyyətlə, 2023-cü ilə qədər genişmiqyaslı vaksinasiya mümkün olmayacaq.

“Economist”in Qlobal proqnozlaşdırma şöbəsinin müdiri Aqata Demarenin fikrincə, varlı və yoxsul ölkələr arasında uçurum nəhəngdir: “İnkişaf etməkdə olan ölkələrin əksəriyyətinin 2023-cü ilədək vaksinasiyaya geniş çıxışı olmayacaq. Xəstəlik geniş yayılarsa və onunla əlaqədar xərclər həddən artıq çox olarrsa, bəziləri, xüsusilə də gənc demoqrafik profilli yoxsul ölkələr peyvəndi tətbiq etmək motivasiyasını itirə bilərlər”.


A.Demare diqqət yetirilməsi lazım olan digər bir vacib tendensiyanın “peyvənd diplomatiyası” olacağı qənaətindədir: “Həm Rusiya, həm də Çin peyvənd tədarükünə işgüzar yanaşacaq və koronavirus aşılarını uzunmüddətli maraqlarını təmin etmək üçün əsas vasitəyə çevirəcək”.

Yekunda ekspert poliomielit və ya vərəm kimi bir sıra xəstəliklərə qarşı peyvəndlərin onillərdir mövcud olduğunu vurğulayıb: “Bununla belə, yoxsul ölkələrdəki bir çox insanın hələ də həmin dərmanlara çıxışı yoxdur. Bir il əvvəl “yeni” sayılan koronavirus əsrlər boyu həyatımızı müəyyənləşdirən bir çox xəstəlik kimi uzun müddət bizimlə birgə olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu