Şuşada hərbi hissə yerləşdirilə bilərmi? – ekspertlərin fikirləri haçalanır
Prezident İlham Əliyevin sonuncu müsahibəsində Şuşa ilə bağlı verdiyi açıqlamalar müzakirələrə səbəb olub. Müxtəlif sahələrə rəhbərlik edən məmurların ona zəng edərək Şuşada regional mərkəzlərinin açılması ilə bağlı təkliflər verdiyini deyən ölkə başçısının həmin təklifləri rədd etməsi və “mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı yox” açıqlaması real vəziyyəti bir daha ortaya qoymuş oldu: Şuşa hədəf mərkəzindədir, məmurlarımızın şəxsi maraqları yenə öndədir.
Qarabağın açarı sayılan şəhərdə daha əhəmiyyətli obyektlərin yerləşdirilməsi deyəsən, prezidentdən başqa heç kimin planında yoxdur. Bir də cəmiyyətin. Artıq Şuşa ilə müəyyən təkliflər gündəmə gəlməkdədir. Bunlardan biri də şəhərdə böyük hərbi qüvvənin yerləşdirilməsidir.
Politoloq Ərəstun Oruclunun fikrincə, Şuşada hərbi qornizon olmalıdır: “Şuşa ilk növbədə daşnak yuvasının 5-10 kilometrliyində yerləşən strateji istehkamdır və Qarabağın açarıdır. Bu şəhərdə ilk növbədə yaradılmalı olan hərbi qarnizon olmalıdır ki, ora da seçmə hərbçilər və hərbi hissələr yerləşdirilməlidir”.
Şuşada qornizon yerləşdirilə bilərmi? Mövzu ilə bağlı AFN-in sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan Şuşada təhlükəsizliyi təmin etmək məqsədilə burada həm Milli Ordunun, həm də Daxili Qoşunların bölmə və hissələrini yerləşdirib: “Lakin mən düşünmürəm ki, şəhər bərpa olunduqdan sonra həmin bölmələr məhz şəhərin mərkəzində qalmaqda davam edəcəklər. Şuşanı İslam mədəniyyətinin paytaxtı etmək istəyiriksə biz hərbi hissələri, güc strukturlarını şəhərin hüdudlarından bir qədər kənarda yerləşdirməliyik. Çünki dünyanın heç bir ölkəsində turizm ilə güc strukturlarının, xüsusilə də silahlı qüvvələrinin döyüş bölmələrinin eyni ərazidə yerləşdiyinin şahidi deyilik. Prezident dünənki çıxışında da bu haqda bildirdi. Şuşada hərbi baza, hərbi hissə, əvvəlki kimi həbsxananın olacağı real görsənmir”.
Ə.Verdiyevin fikrincə, Şuşada hərbi qüvvələrin yerləşdirilməsini təklif edən insanlar şəhərin coğrafiyası və ərazisi ilə yaxından tanış deyillər: “Çünki bir hərbi birliyi biz Şuşaya yerləşdirərsək, orada insanların ayaq basmağa yeri qalmaz. Şuşa kiçik şəhərdir, onu biz mədəni mərkəz kimi istifadə etməliyik. Hərbi hissələr üçün azad edilən başqa ərazilərimiz var. Bizim Şuşa ilə bağlı gözləntilərimiz başqadır və yaxın vaxtlarda baş plan təqdim olunanda bunun şahidi olacağıq”.







