Türkiyəli alimlər: COVID-19 orqanizmdəki A vitamini səviyyəsini kəskin şəkildə aşağı salır
Türkiyədən olan həkimlər koronavirus infeksiyasının molekulları antiviral zülal molekullarının - interferonların sintezi üçün son dərəcə vacib olan A vitamini konsentrasiyasında əhəmiyyətli azalmaya səbəb olduğunu aşkar ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, onların müşahidələrinin nəticələri medRxiv elektron kitabxanasındakı məqalədə dərc olunub.
“Müşahidələrimiz göstərdi ki, retinol konsentrasiyası (A vitamininin bioəlçatan forması) ağır koronavirus xəstələrində olduqca aşağı idi və bu da birinci tip interferonların istehsalına mənfi təsir edib. Bu, böyük dozalarda A vitamini, eləcə də koronavirusla mübarizə aparmaq üçün retinolun parçalanmasına mane olan dərmanlar qəbul edilməsinin mümkünlüyünü göstərir”, - tədqiqatçılar yazıb.
Ankaradakı Türkiyə Tibb Universitetinin professoru Özgür Aslanın rəhbərlik etdiyi bir qrup türkiyəli alim ənənəvi olaraq COVID-19-un kəskin formaları ilə əlaqəli bədəndəki pozğunluqların çoxunun xroniki A vitamini çatışmazlığının nəticələrinə bənzədiyinə diqqət yetirərək daha bir asılılığı müəyyənləşdirib.
Həkimlər Türkiyənin 23 sağlam sakinindən və koronavirus infeksiyasının son dərəcə ağır formasından əziyyət çəkən, universitet xəstəxanasının reanimasiya şöbəsində olan 27 xəstədən qan nümunələri götürüblər.
Professor Aslan və həmkarları nümunələrin tərkiblərini müqayisə edərək koronavirusu ağır keçirənlərin bədənində retinol konsentrasiyasının həqiqətən son dərəcə aşağı olduğunu aşkarlayıb. Özü də bəzi xəstələr A vitamini və ya onun bədənin “atılmasına” mane olan dərmanlar qəbul ediblər. Amma bu da onları xəstəliyin başlamasından sonra retinol konsentrasiyasının azalmasından qorumayıb.
Alimlər yaxın gələcəkdə nəzəriyyələrini çox sayda könüllü xəstənin iştirak edəcəyi təcrübədə sınamağı planlaşdırdıqlarını söyləyiblər. Həkimlər böyük dozada A vitamininin və həmçinin onu emal edən fermentlərin işini maneə törədən dərmanların qəbul edilməsinin xəstələrin sağalma sürətinə necə təsir edəcəyini araşdıracaqlar.
Qeyd edək ki, Uhanda koronavirusun yayılmasından bəri həkimlər və bioloqlar orqanizmin fəaliyyətindəki hansı yan faktorların və xüsusiyyətlərin ölüm ehtimalına və COVID-19-un ağır formalarının inkişafına təsir etdiyini anlamağa çalışırlar. O cümlədən bioloqlar, demək olar, dərhal ürək-damar xəstəliklərinin SARS-CoV-2-dən ölüm ehtimalını beş dəfə artırdığını aşkar edib.
Sonrakı müşahidələr buna həmçinin D vitamini konsentrasiyasının və immun hüceyrələrindəki bəzi fermentlərin aktivliyinin də təsir etdiyini göstərib.