Həbs olunan qazinin anası danışdı, Zahid Oruc ona münasibət bildirdi


Ikinci Qarabağ Savaşının iştirakçısı, qazi Aydın Ağazadə Cinayət Məcəlləsinin oğurluq etməni nəzərdə tutan maddəsi ilə ittiham olunub və 4,3 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə anews.az-a açıqlamasında qazinin anası Sona Ağazadə məlumat verib.



"2019-cu ildə oğlum Aydın Ağazadə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Daha sonra pandemiya ilə əlaqədar məhkəmə prosesi yarımçıq qalıb. Müharibə başladıqdan sonra könüllü olaraq döyüşlərə gedib. Müharibə zamanı qolunda və ayağından yaralanıb. Bununla bərabər başından travma alıb. Qayıtdıqdan sonra bir ay müddətində həm Mərkəzi Hərbi Hositalda, həm də Mirqasımov adına Respublika Klinik xəstəxanasında müalicə alıb. Hazırda müalicəsini davam etmək üçün müvəqqəti evə buraxılmışdı. Fevralın 2-si oğlum Cəlilabad məhkəməsi tərəfindən çağrılıb. Hətta hakim oğluma bilidirib ki, əlindəki çəliyi aşağıda qoy qalx yuxarı. Yanında heç kim olmadan məhkəmə elə yerindəcə müalicəsi yarımçıq qalan oğlumu 4,3 il müddətinə həbs edib”, deyə Sona Ağazadə bildirib.


Sona xanım onu da əlavə etdi ki, oğlu təqsirkar olduğunu etiraf edib və günahını yumaq üçün müharibəyə şəhid olmaq istəyi ilə yollanıb.

"Oğlum etdiyi əməldən çox peşmandır. Ümid edirəm oğlumun günahı bağışlanar. Döyüşə də günahlarını yumaq üçün gedib. Deyirdi şəhid olum, Allah günahlarımı bağışlasın. Bizə hələ qətnamə təqdim olunmayıb. Olunsa apellyasiya şikayəti verəcəyik. Sosial vəziyyətimiz də yaxşı deyil. Heç bir yerdən gəlirimiz yoxdur. Oğlumun 2 uşağı var. Özü də 2-ci qrup əlildir. Bir qazi anası olaraq oğlumun bağışlanması üçün lazım olan qurumlardan dəstək olmasını xahiş edirəm”, deyə ana əlavə etdi.

Vətən müharibəsi qazisi Cəlilabad rayon sakini Aydın Ağazadə 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. O, cinayəti törədərkən tək olmayıb, elə dəstə üzvləri ilə birgə saxlanılıb.



Aydın Ağazadəyə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.Məhkəmə hökmü qazinin məhkəməyə çağırıldığı gün fevralın 2-də verilibş

O, şübhəli şəxs qismində tutularaq iyunun 30-da ittiham elan edilməklə barəsində heç yerə getməmək qərarı verilib.


İstintaq müddətində isə o başqa cinayətə görə ittiham edilib. Bu dəfə A.Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma) maddəsi ilə təqsirləndirilib. Onun üzərindən narkotik vasitə aşkar edilib.

Əsgər Aydın Ağazadə "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


Məsələ ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri millət vəkili Zahid Orucla əlaqə saxladıq.

Deputat baş verən hadisəyə münasibət olaraq prezidentin əfv qərarlarını nümunə çəkərək bildirdi ki, bu məsələdə ədalət mühakiməsi həyata keçirən hakimlər ölkə rəhbərindən nümunə götürə bilərdi.

"İnsan Hüquqları komitəsinin sədri kimi bu məsələni öz nəzarətimə götürəcəm. Düşünürəm ki, bu durumda qanunun daha yumşaq addımlarından istifadə etmək olar. Məsələ ilə bağlı məhkəmə strukturları ilə danışıqlar aparacağıq. Əminəm ki, məsələnin müsbət tərəfinə aid həll yolları tapa bilərik. Vətən müharibəsi elə bir salnamədir ki, fikrimcə o qazimiz də etdiyi günahlarını bağışlatmaq üçün könüllü olaraq döyüşlərə yollanıb və qazi kimi qayıdıb. Bununla da cəmiyyət, vətəni, dövləti üçün yararlı olduğunu sübut etməyə çalışıb. Öz növbəmizdə ona yaralı olduğu üçün kömək etməyə çalışacağıq” – deyə Zahid Oruc bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu