Çavuşoğlu Qarabağla bağlı Ermənistana çağırış etdi
"İndi sülh, bölgənin inkişafı, yenidən inşası və sabitlik üçün bir fürsət var”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə keçirdiyi brifinqdə Dağlıq Qarabağ məsələsində Türkiyə, Azərbaycan və Türkmənistanın əməkdaşlıq planlarından danışarkən söz açıb.
Nazir bildirib ki, onların çağırışı da bu istiqamətdədir:
"Ermənistan da bu istiqamətdə hərəkət etsə, bölgənin sabitliyi və iqtisadi inkişafından Ermənistan xalqı da faydalanacaq. Ermənistanın bunu düşünərək, hərəkət etməsini gözləyirik. Atacağı müsbət addımlara Azərbaycanla birgə koordinasiyalı şəkildə bir də müsbət cavablar verəcəyik”.
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə güclü bir şəkildə Azərbaycanın yanındadır:
"Türkiyə Dağlıq Qarabağın və bölgənin yenidən qurulması, sülh və sabitlik üçün dəstək verəcək. Bu mövzu ilə bağlı irəliləyişlər ölkələr arasında ikitərəfli və üçtərəfli görüşlərlə gündəmə gətiriləcək.
Bu prosesə Gürcüstanı da daxil etməyə çalışırıq. Ümid edirəm, Gürcüstan da buna qatılar. Bölgədə stabillik olduqdan sonra bu layihələrin həyata keçirilməsi daha da sürətlənəcək və hər kəs qazanacaq”.