“ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən “Subregional İnnovasiya Siyasəti” nəşri hazırlanıb. Sözügedən nəşr Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin innovasiya ekosistemlərinin təhlili və mövcud perspektivlərə həsr olunub.
Nəşrdə Azərbaycanın son dövrlər innovativ inkişaf və rəqəmsallaşma sahəsində gördüyü işlər, innovasiya mərkəzlərinin fəaliyyəti, çətinliklər və inkişaf meylləri öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin ölkəmizdə rəqəmsal hökumətin inkişafına verdiyi töfhələr qeyd edilib.
Nəşrdə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda innovasiya sahəsində əsas oyunçu kimi qiymətləndirilib, Mərkəzin startaplar üçün investisiya imkanlarından söz açılıb. Həmçinin “Silikon Vadisi”ndə açılmış Azərbaycan İnnovasiya Evi barədə məlumat əks olunub.
Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidi sürətləndirmək məqsədilə yaradılmış Elektron Hökumətin İnkişafı Mərkəzinin dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində əlaqələndirici qurum funksiyalarını yerinə yetirməsi vurğulanıb . “ASAN Viza”, “ASAN Ödəniş” və digər rəqəmsal həllərin uğurları və rəqəmsal transformasiyanın əhali arasında təbliğatın həyata keçirilməsi xüsusilə diqqətə çatdırılıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının “Subregional İnnovasiya Siyasəti” nəşri ölkələrin milli innovasiya sistemlərindəki güclü və zəif tərəflərini müəyyənləşdirmək, effektiv innovasiya siyasətlərini təşviq etmək və dəstək mexanizmləri qurmaq, habelə onları səmərəli idarə etmək üçün həllər təklif etməyi hədəfləyir.
Nəşrə keçid: https://unece.org/fileadmin/DAM/ceci/icp/Capacity_building/IPO_launch/IPO_2020_4_AZERBAIJAN.p