Nikol Paşinyan: “Baş Qərargah rəisi vəzifəsindən azad olunmuş sayılır”
“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatında bildirilib.
Ermənistan hökumətinin saytında dərc edilən bəyanatda qeyd olunub ki, “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun müddəalarını rəhbər tutaraq 2021-ci il fevralın 25-də prezidentə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi təklifi ilə sənədə əlavə edilmiş sərəncam layihəsi təqdim olunub.
Fevralın 27-də prezident Armen Sarkisyan sərəncam layihəsi ilə əlaqədar Baş nazir Aparatına etiraz göndərib. Prezidentin verdiyi etirazlar baş nazir tərəfindən qəbul edilməyib və fevralın 28-də müvafiq əsaslarla təkrar prezidentə məktub göndərilib.
“Prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas götürərək 10 mart 2021-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”, - baş nazirin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, daha öncə Ermənistan Prezidentinin Administrasiyası bəyanat yayaraq Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciətinin qanunla müəyyənləşdirilmiş müddətinin olmadığını açıqlayıb. Bəyanatda vurğulanıb ki, prezident tezliklə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunun konstitusiyaya uyğunluq məsələsini müəyyənləşdirmək məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.