Yeni qanunla mediaya vergi güzəştləri tətbiq oluna bilərmi? - MÜZAKİRƏ
Azərbaycanda medianın problemlərinin həlli ilə bağlı bir sıra addımlar atılıb. Medianın İnkişafı Agentliyi yaradılıb, media haqqında qanun layihəsi hazırlanır və s. Bu sahədə mövcud olan problemlərdən biri də jurnalistlərin əməkhaqlarının qanuni yolla ödənilməsidir. Məsələ ondadır ki, bir sıra KİV-lərdə çalışan jurnalistlər əməkhaqlarını ya nağd alırlar, ya da aldıqları məbləğin hamısı leqallaşdırılmır. Bu problemdən çıxış yolu kimi mediada çalışanlara vergi güzəştlərinin tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı AFN-ə fikirlərini bölüşən iqtisadçı-ekspert Nazim Bəydəmiri bildirdi ki, KİV-lə bağlı güzəştlər və subsidiyalar artıq mövcuddur: “Çap mediasında qəzetin xammalının gətirilməsi və yaxud çap məhsullarından istifadəsi üçün idxal olunan məhsullardan əlavə dəyər vergisi ödənilmir. Bir çox güzəştlər mövcuddur. Ancaq jurnalistlərin əsas problemi vergi ilə bağlı deyil, əslində rəqabət mühitinin, reklam bazarının olmaması, burada inhisarçılıqla bağlıdır. Mediada çaılşanların əksəriyyəti VÖEN alaraq fərdi sahibkarlıqla məşğuldurlar və onlar xidməti müqavilələrdən olan ödənişləri ödəyirlər. Burada da ödənişlər çox da böyük deyil. Əslində onların aldığı maaş da minimum maaş, 250 manat göstərilir. Özünü holdinq adlandıran media qurumları var ki, əməkdaşları 250 manat rəsmi ödəniş alırlar, bu da vergidən yayınmanın bir növüdür. Bu, bütün mediaya aid deyil, bir çox müəssisələrə aiddir. Sosial sığorta haqqının ödənişi maaşa nisbətən böyük rəqəmlər təşkil edir. Bu günə olan pensiya kapitalı minimum 28 min 800 manatdır. Gərək o kapital toplana, ya da minimum pensiya almaq üçün 25 il əmək stajı olsun”. İqtisadçının fikrincə, sosial sığorta haqlarının və Dövlət Sosial Müdafiə Fondunun dəyişdirilməsinə, mexanizmlərinin yenidən işlənməsinə ehtiyac yaranıb: “Bu sahə ən çox dəyişikliyə uğrayan sahədir. Hesab edirəm ki, Gürcüstan modeli əsas götürülməlidir. Sosial vergi tətbiq olunmalıdır. Gəlir vergisi ilə sosial sığorta haqqı birləşdirilərək vahid sosial vergi 20 faiz olmalıdır. Ancaq bizdə gəlir vergisi 14 faiz, üstəgəl 25 faiz sosial sığorta haqqı, 1 faiz işsizliyə görə sığorta, ortalama 40 faizdr. Bu, maaşa tətbiq olunan vergilər olaraq yüksək faizdir. İşəgötürən min manat maaş verirsə 400 manat da əlavə olaraq sığorta haqqı ödəməlidir. Bu böyük yükdür və ona görə ikili mühasibatlıq davam edir və mediada da çox yayılmış prosesdir. Medianın şəffaf olmamasının bir səbəbi də bu məsələdir”.
“Yeni Çağ” Medi a Qrupunun rəhbəri Aqil Ələsgər bildirdi ki, əslində vergi güzəştlərinin tətbiqi çox düzgün bir məsələdir: “Əgər bu gün mətbuatda şəffaflıqdan danışırıqsa ən birinci şəffaflıq maaşlarda olmalıdır. Bu şəffaflıq da nə media qurumunun, nə də jurnalistin işinə gəlir. Bu baxımdan jurnalisti, media şirkətini hansısa bir supermarket, topdansatış mərkəzi, MMC ilə eyni tutmaq düzgün deyil. Əgər bu məsələdə çox ciddi güzəştlər olarsa, media qurumları hansısa MMC ilə eyni kateqoriyada dəyərləndirilməzsə, bu, daha aktual olar, Azərbaycan mətbuatında maliyyə məsələlərinin şəffaflaşmasına gətirib çıxarar”. Həmsöhbətimiz onu da vurğuladı ki, burada ən böyük problemlərdən biri reklam bazarıdır: “Çox təəssüf ki, reklam bazarı bu gün monopoliyadadır. Monopolistlərin əlində olduğu üçün bu gün Azərbaycan mətbuatının əksəriyyəti çox ağır vəziyyətdədir. Bir qismi dövlətdən ələbaxan durumdadır. Bir qismi də qeyri-leqal yollarla məsələni həll etməyə çalışır. Media əlaqələrinin şəffaflaşması ümumilikdə mətbuatın inkişafına da gətirib çıxaracaq”.
NİGAR






