“Ermənistan gecə vaxtıAzərbaycana hərbçilər göndərməyə cəhd edir” - Ceyhun Bayramov


“Üçtərəfli razılaşmaya uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri qarşı tərəfə qaytarıb”.


APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C.Bayramov deyib ki, Azərbaycanın Ermənistana təhvil verdiyi hərbi əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından xeyli çox olub: “Hətta hərbi əməliyyatlar gedən zaman Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu addımlar atılıb”.

Xarici işlər naziri qeyd edib ki, ATƏT sədrinin qeyd etdiyi şəxslər üçtərəfli bəyanat imzalanandan sonra - 26 noyabrda Azərbaycanın işğaldan azad edilmiş ərazisinə Ermənistanın Şirak vilayətindən gələnlərdir: “Həmin şəxslər terror əməlləri törədilib, onlar barəsində Azərbaycanda istintaq əməliyyatları davam etdirilir. Bu kimi halların baş verməməsi üçün üçtərəfli bəyanata riayət olunması vacibdir”.

C.Bayramov nəzərə çatdırıb ki, hətta indi də Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir: “Bu məsələ BMT Baş Assambleyasına da çatdırıldı, bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib. Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası da bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, tutulmuş bütün şəxslərin qaytarılması proseslərin daha yumşaq getməsinə töhfə verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu