Bakı şəhər Təcili Tibbi Yardımdan şikayət- “Əlavə ödənişləri ala bilmirik”
Bakı şəhəri təcili tibbi yardım xidmətindən redaksiyamıza şikayət daxil olub.
AFN-ə müraciət edən TTY-nin koronalı xəstələrlə işləyən əməkdaşları bildirirlər ki, onlara verilməli olan əlavə ödənişlər verilmir. Belə ki, yanvar ayına qədər 1000-1100 manat arasında ödənişlər alıblar: “Lakin bu bizə verilməli olan məbləğ deyil. Bizə əməkhaqqımızın 4 misli məbləğində ödənişl edilməli idi. Ən yüksək 1100 manat almışıq. Maaşımız 700-800 manat civarındadır. Azı 3000 manat almalıyıq, verilmir. Yanvardan etibarən isə 1000-1100 manatı da yarıya endiriblər. Bunu da belə əsaslandırdılar ki, TTY operatorlarına əlavələrin verilməsi dayandırılıb, sizin ödənişlərin yarısını onlara yönəldirik. Operator, dəftərxana işçisi koronalı xəstə ilə təmasda olmur, onlara əlavə olmasa da, haqsızlıq sayılmaz. Amma biz həkimlər, tibb bacıları birbaşa xəstələrlə təmasda oluruq, özümüzü təhlükəyə atırıq”. Şikayətçilər onu da bildirirlər ki, bu problem yalnız Bakı şəhərində TTY işçilərilə bağlı mövcuddur: “Rayonlarda bütün əlavələr olduğu kimi verilib”.
Şikayətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etdik. Sorğumuza verilən cavab geniş və əhatəlidir, olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir. Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilmiş məlumata görə 2021-ci ilin yanvar ayı ərzində koronavirusa yoluxmuş xəstə sayı azalıb. Koronavirusla mübarizə tədbirlərinə cəlb olunan tibb işçilərinin sayı da infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir. Qeyd olunan səbəbə görə tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində azalma müşahidə olunub. Həmçinin qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır. Hesablama qaydası: Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli . Qərara əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilir. Nümunə ilə izah edək: Xəstəxanada çalışan feldşerin 9-cu dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 346 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 15 gün işə cəlb olunubsa, deməli 648 manat 75 qəpik müddətli əlavə almalıdır. 648.75 = ((346 / 24) x 15) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Qərara əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilir. Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 100 saat işə cəlb olunubsa, deməli 1127 manat 78 qəpik müddətli əlavə almalıdır. 1127.78 = ((406 / 144) x 100) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır. Məlumat üçün bildirək ki, koronavirusla bağlı çağırışları qəbul edib briqadalara ötürülməsini və çağırışların idarəedilməsini təşkil edən “103” Çağrı Mərkəzinin tibb bacılarına da yanvar ayı üzrə müddətli əlavələr çağırışların sayına uğun olaraq hesablanıb ödənilmişdir. Belə ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb və qeyri-tibb işçilərinə 2021-ci ilin yanvar ayı ərzində cəlb olunduqları iş vaxtına mütənasib olmaqla və aylıq vəzifə (tarif) maaşının 3 və 4 misli nəzərə alınmaqla cəmi 1.4 milyon manatdan çox müddətli əlavə ödənilmişdir. Əlavə olaraq bildirək ki, Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə və cəlb olunduqları iş vaxtına mütənasib olmaqla dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib: Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində.
Yeni növ koronavirus infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilir: tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri; təcili tibbi yardım xidmətinin və Təcili Yardım Avtobazasının sürücüləri; tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər; COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri; COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri.
Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
NİGAR