Dünya Bankı: "Qarabağın bərpasında iştirak etməyə şad olarıq"
"Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə, azad edilmiş torpaqlarının bərpasına da Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) öz dəstəyini göstərməyə şad olar”.
Bunu "Report”a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib.
"Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var.
Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, İkinci Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən sonra bərpa bizim DNT-mizdədir deyə bilərəm.
Bunun səbəblərindən biri bizim qlobal olaraq mövcud olmağımızdır. Əsas işimiz münaqişə sonrası yenidənqurma işlərinə və ölkələrin münaqişəyə girmə potensial risklərindən qaçınmalarına kömək etməkdir. Həmçinin münaqişədən sonra bərpa işlərinin görülməsində qlobal təcrübəyə malikik.
Şübhəsiz ki, hökumətin hansı yenidənqurma ehtiyaclarına sahib olmasından asılı olaraq biz ona kömək edirik”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırırb.
Azərbaycan IBRD-də 0,13 % paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır.