XİN başçısı: "Azərbaycan Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir"

AFN xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Düşənbədə "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 9-cu Nazirlər Konfransında çıxışı zamanı deyib.
"Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Biz o fikirdə qalırıq ki, Əfqanıstanın rifahı və tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır. Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.
Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir", - nazir vurğulayıb.